EN

Şəhid atası: Vətən sevgisi uşaq vaxtlarından onun canına hopmuşdu

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirlərinin qəhrəmanlarından biri də şəhid Kərəm Həsənovdur. O, Vətənimizin suverenliyinin bərpası uğrunda canını qurban verdi. Neçə-neçə igidimizin qəhrəmanlıq salnaməsinə onun da fədakarlığı əlavə olundu.

Şəhidin böyüyüb başa çatdığı evdə ailəsinin qonağı olan AZƏRTAC-ın bölgə müxbiri Kərəm Həsənovun qəhrəmanlıqlarını və Vətən sevgisini bir də onların dilindən dinləyib.

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra təyinatla Bakı şəhərinə yollanmışdı. Vətən sevgisi uşaq vaxtlarından canına hopmuşdu. Hətta o hərbiyə istiqamətlənəndə mən çətin və əziyyətli olmasını nəzərə alaraq bu seçiminə qarşı çıxmışdım... Vətən müharibəsində tankı iki dəfə vurulmuşdu. Bu barədə bizə bir kəlmə də deməmişdi. Bunu yalnız bir neçə il sonra, antiterror əməliyyatlarında şəhidlik zirvəsinə yüksələndən sonra bilmişəm. Bir ata kimi övladımla fəxr edirəm,” – deyə şəhidin atası Akif Həsənov bildirir.

Kərəm Həsənov 1996-cı il yanvarın 1-də Gəncədə anadan olub. Gəncə şəhəri 39 saylı orta məktəbdə təhsil aldıqdan sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirib. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

O, təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə qədər yüksəlib. İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edərək, “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Şəhidin anası Mənsurə Həsənova Kərəmin elə uşaqlıq dövründən qorxmaz, igid, dostları ilə münasibətdə səmimi və mərd olduğunu deyir: “Sonuncu dəfə ayın 18-i telefonla danışdıq. Ən böyük arzusu torpaqlarımızın bütövlüyünün təmin olunması idi. Bu gün biz dövlətimiz və ordumuzla fəxr edir, qürur duyuruq. Övladımızın təskinliyini isə onun yadigarı olan qız övladından və həyat yoldaşından alırıq.”

“Kərəm nümunəvi övlad, yaxşı zabit olduğu kimi, həm də qayğıkeş ata, diqqətcil həyat yoldaşı idi. Hələ də qızı elə bilir ki, Kərəm nə vaxtsa qayıdıb gələcək,” - deyən şəhidin həyat yoldaşı Nərmin Həsənovanın gözləri dolur və susur...

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş baş leytenant Həsənov Kərəm Akif oğlu “Döyüşdə fərqlənməyə görə” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
azertag.az

1Sources