EN

Almaniyada qaçqınların sayı 2011-ci ildən sonra ilk dəfə azalıb

Almaniyada yaşayan qaçqınların sayı 2011-ci ildən sonra ilk dəfə azalıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, ölkədə müxtəlif hüquqi statusa malik qaçqınların sayı 2024-cü ilin sonunda 3 milyon 545 mindən bu ilin ortalarında 3 milyon 495 minə düşüb.

Sol Partiyanın təhlilinə görə, bunun səbəbi yeni miqrantlar və müharibə qaçqınlarının gəlməkdə davam etməsinə baxmayaraq, deportasiya və ölkəni könüllü tərk edənlərin sayının artmasıdır.

Bundan başqa, xeyli sayda qaçqın Almaniya vətəndaşlığı alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə ötən il 83 min 150 nəfər keçmiş Suriya vətəndaşı alman pasportu əldə edib.

Hazırda Almaniyada yaşayan təqribən 3,5 milyon qaçqından 492 mini qeyri-sabit statusdadır, yəni ya sığınacaq axtaran, ya da müvəqqəti icazə ilə ölkədə qalan şəxslərdir. Bu il iyulun sonuna olan məlumata görə, Ukraynadan gələn qaçqınların sayı isə 1,27 milyona çatıb.

Chosen
25
1
yeniazerbaycan.com

2Sources