EN

Zubirdən “Sportinfo”ya səmimi etiraflar: “Fasilədə paltardəyişmə otağında hamı...”

“Qarabağ”ın “Benfika” ilə matçında meydanda ən yaxşılardan biri Abdullah Zubir idi.

Fransalı kapitan oyunboyu fəallığı ilə diqqət çəkməklə yanaşı, Aleksey Kaşukun vurduğu qələbə topunda assistent rolunu oynadı.

“Köhlən atlar” Bakıya qayıdan kimi Zubir Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşdən şəkil hədiyyəsini alıb, ardınca Sportinfo.az-ın suallarını cavablandırdı.

- Parlaq qələbədən sonra ürəyindən keçənləri eşitmək istərdim.

- Böyük kluba qarşı səfərdə böyük qələbə qazanmaq qürurvericidir. Liqa mərhələsinə qələbə ilə başlamaq hər bir futbolçunun arzusudur. Qələbəni autsayder qismində yox, rəqibdən çəkinməyərək, çox sayda qol imkanları yaradaraq qazandıq. Bu, aylardır, illərdir çəkilən əziyyətin bəhrəsi idi. Çox xoşbəxtəm, nə deyəcəyimi bilmirəm.

- 0:2-ni xeyrinizə dəyişmək üçün dönüş nöqtəsi hansı epizod oldu?

- Gücümüzə inanmağımız və vaxtından əvvəl təslim olmamağımız. “Benfika”nın üzərinə getdik, xarakter göstərdik, onları bizdən ehtiyatlanmağa məcbur etdik. Vurduğumuz birinci qoldan sonra rəqibin oyununda eniş yaşanmağa başladı. Biz isə bu üstünlükdən yararlanıb hesabı bərabərləşdirdik. Lakin bununla kifayətlənmək fikrimiz yox idi. Hücumları davam etdirib qələbə topunu da vurduq. Rəqibi səhvlər etməyə məcbur etməklə istəyimizə çatdıq.

- Rəqib ikinci qolu vurandan sonra nə düşünürdün?

- Döyüşçülər hesabda geri düşəndə qisas barədə düşünür. İllah da bizim kimi təcrübəli döyüşçülər. İndiyə qədər belə hallarla çox üzləşmişik, lakin heç vaxt təslim olmamışıq. 0:2-dən sonra ruhdan düşsəydik, 3 qol vura bilməzdik. Əksinə, həmin qollar bizə güc və inam verdi.

- 2:2 də yaxşı nəticə sayılacaqdı. 3:2-ni ağlından keçirirdin?

- Fasilədə paltardəyişmə otağında hamı qələbə barədə düşünürdü. Hiss edirdik ki, təzyiqi artırsaq, rəqibi səhvlərə məcbur etsək, qalib gələ bilərik. 2:2-dən sonra hər iki komanda riskə getdi. Onların da şansları oldu, bizim də. Sadəcə, biz dəqiq oynadıq və ideal müdafiə olunduq.

- Yerli azarkeşlər son dəqiqələrdə ağ bayraq qaldırıb, “Benfika”nı fitə basırdı. “Estadio da Luj”da atmosfer necəydi?

- Çempionlar Liqasında, üstəlik, dolu tribunalar qarşısında oynamaq həzz verir. Açığı, bütün diqqətim meydanda idi deyə, azarkeşlərə ciddi önəm vermirdim. Stadionun özü, qazonun durumu, dolu tribunalar – hər şey möhtəşəm idi. Futboldan zövq aldığımızı deyə bilərəm.

- Bunu futbolçu karyeranın ən vacib qələbəsi adlandıra bilərik?

- Avropanın bir nömrəli klub turnirinin Liqa mərhələsini olduğunu, rəqibin adını və qələbəni səfərdə qazandığımızı nəzərə alsaq, bəli, ən dəyərli qələbələrdən biri, bəlkə də birincisidir.

HƏBİB

Chosen
30
sportinfo.az

1Sources