EN

Gəncə: FHN Mərkəzində “Konstitusiya və Suverenlik İli” tədbiri

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində geniş tərkibli regional müşavirə keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN-nin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Rövşən Nəbiyev iştirakçıları səmimi salamlayaraq, mövzunun aktuallığı və əhəmiyyəti barədə geniş və dərin məzmunlu məruzə ilə çıxış edib. Polkovnik Rövşən Nəbiyev qeyd edib ki, bu cür tədbirlər ölkəmizin müstəqilliyinin, konstitusiya dəyərlərinin və suverenliyimizin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra tədbirdə çıxış edənlər, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin müavini Zabit Xəlilov və Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Elgün Aslanov mövzu ətrafında dəyərli fikirlər səsləndirərək, ölkəmizin konstitusion inkişaf yolu və dövlət suverenliyi sahəsində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat veriblər.

Müşavirə çərçivəsində “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş tematik video-material da nümayiş olunub. Videoda Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi əsasları və bu sahədə əldə olunan uğurlar vizual olaraq əks etdirilib.

Sonda vurğulanıb ki, belə tədbirlər və maarifləndirici görüşlər cəmiyyətin bütün təbəqələrinin Konstitusiya dəyərlərinə hörmət ruhunda formalaşmasına xidmət edir və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsində mühüm rol oynayır.

Hamlet Qasımov XQ-nin bölgə müxbiri Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
xalqqazeti.az

2Sources