EN

Kərtənkələlər pizza yeyərkən, ana südündə sarımsaq... - ABŞ-də Şnobel mükafatları təqdim olunub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də bu il 35-ci dəfə qeyri-adi və gülməli elmi araşdırmalar üçün təqdim edilən Şnobel mükafatları sahiblərinə çatdırılıb. Təşkilatçıların sözlərinə görə, bu ənənəvi mükafat qeyri-adi ideyaları qeyd etmək və təxəyyülü şərəfləndirmək məqsədi daşıyır.
Oxu.Az-ın Rg.ru-ya istinadən məlumatına görə, mərasim Bostonda universitet binasında mindən çox tamaşaçının iştirakı ilə keçirilib.
Bu dəfə üstünlük təşkil edən mövzu "həzm prosesi" olub.
Qidalanma: Nigeriya, Toqo, İtaliya və Fransadan olan alimlər müəyyən növ kərtənkələlərin hansı pizzaları yeməyə üstünlük verdiyini araşdırdıqları üçün mükafatlandırılıblar.
Pediatriya: ABŞ-dən olan tədqiqatçı ananın sarımsaq yeməsinin ana südü içən körpəyə necə təsir etdiyini araşdırdığına görə mükafat alıb.
Ədəbiyyat: Amerikalı alim Uilyam Bin 35 il ərzində öz dırnaqlarının böyümə sürətini izlədiyi üçün ölümündən sonra təltif edilib.
Sülh: Almaniyanın Frayburq Universitetindən Fritz Renner və Cessika Vertmanın da daxil olduğu qrup spirtli içkilərin insanın xarici dildə danışma qabiliyyətini müvəqqəti yaxşılaşdırması barədə araşdırmaya görə mükafata layiq görülüb. Tədqiqatçılar bunun içki istifadəsini təşviq etmək üçün deyil, sadəcə, elmi müşahidə məqsədi daşıdığını bildiriblər.
Fizika: Drezdendəki "Max Planck" Mürəkkəb Sistemlər Fizikası İnstitutunun alimləri makaron sousunun faza keçidi nəticəsində topalar əmələ gətirməsi ilə bağlı kəşflərinə görə mükafat qazanıblar.
Mühəndislik dizaynı: Hindistandan olan iki tədqiqatçı pis qoxu yayan ayaqqabıların ayaqqabı rəfindən istifadəyə təsirini təhlil edib, buna görə də mükafatlanıb.
Kimya: ABŞ və İsraildən olan alimlər teflondan istifadənin az kalori ilə doyma hissini artırmaq üçün yaxşı vasitə olub-olmadığını yoxlayıblar.
Aviasiya: ABŞ, İsrail və Kolumbiyadan olan alimlər spirtli içkilərin yarasaların uçuş və exolokasiya qabiliyyətinə təsirini araşdırdıqları üçün mükafatlandırılıblar.
Ənənəyə uyğun olaraq mərasimdə Nobel mükafatı laureatları iştirak ediblər, zalda kağız təyyarələr uçurulub, səhnədə isə sketçlər və qeyri-adi musiqi nömrələri nümayiş olunub.
Chosen
7
oxu.az

1Sources