EN

Xaçmazda şagirdlərə şəhid Vüsal Rüstəmovun döyüş yolu tanıdılıb

ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbdə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Görüşdə şagirdlərə qəhrəman zabitin döyüş yolu və həyat hekayəsi barədə geniş məlumat verilib.

Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabit lokal xarakterli antiterror tədbirləri zamanı Xocalıda döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

1984-cü il mayın 11-də Xaçmazda anadan olan Vüsal Rüstəmov İsmət Qayıbov adına 3 saylı məktəbdə orta təhsil alıb, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda zabitlik peşəsinə yiyələnib. Şəhidin Şahin və Səma adlı iki övladı yadigar qalıb.

Tədbirdə çıxış edənlər Vüsal Rüstəmovun həyat və döyüş yolunun məktəblilər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, layihə çərçivəsində Xaçmazın daha 5 məktəbində bu tipli görüşlərin keçirilməsi planlaşdırılır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
3
azpost.info

4Sources