EN

Dabaq xəstəliyi ölkəni bürüdü - Kənd Təsərrüfatı Nazirliyi hara baxır? 

Müxtəlif fermerlər tərəfindən bölgələrdə dabaq xəstəliyi səbəbilə mal-qaranın kütləvi sürətdə tələf olması ilə bağlı redaksiyamıza şikayətlər daxil olur. Onlar bildirirlər ki, vaksinlənmə prosesi həyata keçirilsə də, xəstəliyə yoluxan heyvanlar onu ağır keçirir və əksər hallarda tələfatla nəticələnir.


İddialara görə, vaksinlərin tərkibi olduqca zəif olması səbəbindən heyvanlara təsir etmir.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli Manset.az-a açıqlamasında bildirib ki, dabaq xəstəliyi xüsusi nəzarətdə saxlanılmalı karantik xəstəliyidir. Xəstəliyə dırnaqarası yanaşmaq ölkə üçün böyük fəsadlara törədə bilər.


“Mən çıxışlarımda qeyd etmişdim ki, ölkənin xüsusilə də, Aran bölgəsində dabaq xəstəliyi geniş yayılıb. Təəssüflər olsun ki, bu sahəyə məhsul olanlar - baytarlar və Kənd Təsərrüfatı Nazirliyi vaxtında reaksiya verməyib və profilaktik tədbirlər görməyib. Bu səbəbdən də biz görürük ki, artıq dabaq xəstəliyi geniş yayılır. Bəzi tədbirlər görülsə də, nəticə verməyib. Kənd Təsərrüfatı Nazirliyi planlı şəkildə bu işlər əvvəlcədən təşkil olunmalı idi, həmin ərazilərdə bu xəstəliyin yayılması ilə bağlı xüsusi xəbərdarlıq olunmalı idi. Bütün güclərini xəstəliyin geniş yayılmaması üçün səfərbər etməli idilər. Onların üzərlərinə düşən böyük məsuliyyət var, lakin biz bunun tam əksini görürük”.

Ekspert qeyd edib ki, son vaxtlar Azərbaycanda heyvandarlıq geriləyib. Heyvanların sayında ciddi azalma müşahidə olunur.

“Belə xəstəliklərin yayılması çox böyük fəsadlar yarada bilər. Yoluxan heyvanların ətindən və onlardan alınan digər məhsullardan qətiyyən istifadə etmək olmaz. Düzdür artıq gecdir amma dərhal bu işlə bağlı ciddi tədbirlər həyata keçirilməlidir”.

Vahid Məhərrəmli xüsusilə qeyd edib ki, kütləvi tələfat yaxın zamanda Azərbaycanda hazırda olan mal-qara qıtlığını pik həddə çatdıracaq. Bu da öz növbəsində ətin qiymətinin bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı. 


Fidan Vəlisoy 

Chosen
17
manset.az

1Sources