EN

Adı “Qırmızı kitab”a düşən pandalar – FOTOSESSİYA

Pekin, 19 sentyabr, AZƏRTAC

Çinin milli heyvanı hesab olunan pandaların vətəni Sıçuan əyalətidir. Onlara böyük panda, ayı panda və ya sadəcə panda deyirlər.

Çinin rəmzinə çevrilmiş nəsli kəsilməkdə olan bu sevimli heyvanlar xüsusi qayğı ilə mühafizə olunur. Onların sayının kəskin azalmağa başladığı bir vaxtda - 1987-ci ildə Sıçuanın paytaxtı Çendu şəhərinin yaxınlığında panda qoruğu yaradılıb. Hazırda Sıçuanda 5 panda qoruğu olsa da, onlardan ən böyüyü məhz Çendudakı qoruqdur.

Panda yırtıcılar dəstəsinə aid olsa da, əsasən bitki ilə qidalanır. Adı “Qırmızı kitab”a düşən pandaların qida rasionunun 99 faizini bambuk ağacının tumurcuqları və yarpaqları təşkil edir. Bununla yanaşı, pandalar yumurta, kiçik böcəklər və bəzi quşlarla da qidalanırlar. Bəslənmə mərkəzlərində onlara vitamin və minerallarla zəngin qidalar da verilir. Günün təxminən yarısını yeyib-yatmaqla keçirən bu heyvanları əbəs yerə tənbəl adlandırmırlar. Mütəxəssislər pandaların saylarının azalmasının bir səbəbini elə bu xüsusiyyətləri ilə əlaqələndirirlər. Tənbəllik onların vəhşi təbiətdə sağ qalmalarına mane olan amillərdəndir. Müxtəlif hesabatlara və araşdırmalara görə, vəhşi təbiətdə 2-3 min böyük panda yaşayır. Xüsusi qoruq və heyvanxalardakı pandaların sayı isə 300 civarındadır. Ağır hərəkət edən pandalar ağaca dırmaşmağı və ağacda yatmağı xoşlayırlar.

AZƏRTAC Çinin 4A kateqoriyalı turizm məkanlarından olan Çendudakı panda qoruğundan fotosessiyanı təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Chosen
8
1
azertag.az

2Sources