Qadın qətli törədənlərə ömürlük həbs cəzasının verilməsi təklif edilib.
News24.az APA-ya istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova çıxış edib.
Deputat bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyə yenə ehtiyac var:
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burda iştirak eləsinlər. Lazımdırsa, bununla bağlı dinləmə də keçirək. Mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşları, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasını qətlə yetirdiyini məhkəmədə etiraf etdi və həbs olunmasını istədi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”.