EN

Tək "Qarabağ" yox, hər kəs bu hadisəyə dönə-dönə baxsın - FACİƏ QAPIMIZDA!

"Qarabağ"ın Azərbaycan futboluna aidiyyatı yoxdur.

Komandanın ÇL-ə düşməsi, davamlı Avropa səhnəsində olması Azərbaycan reallığında bir möcüzədir.

Həmin möcüzə azarkeşləri, futbol adamlarını aldatmalı deyil.

Təəssüf ki, bir çox hallarda aldadır.

Bizim reallığımız milli komandanın bugünüdür, digər klublarımızın biləcəridən o tərəfdə özünü necə aparmasıdır.

Ən əsası isə aşağıdan gələn gənclərin hansı gündə olması...

Milli və klublarla bağlı vəziyyət aydındır.

Portuqaliyada yaxın gələcəyimizin də durumuna aydınlıq gəldi.

"Qarabağ"ın U-19 komandasına "Benfika"dan olan həmyaşıdları divan tutdu - 7:1.

Əminəm ki, ikinci yarı avropalılar güzəşt etməsəydi vəziyyət dəhşətli dərəcədə pis ola bilərdi.

Bəli, belə hesablı məğlubiyyətlər dünya futbolunda az olmayıb.

Adamı üzən nəticədən çox, bizim uşaqların meydandakı çox aşağı performansı idi.

Meydan sahibləri sözün bütün mənalarında bizimkiləri əzdi, gəzərək qolları vurdu.

Məhz bu uşaqlar yaxın gələcəkdə klublarımız və milli komandalarımızın güvənəcəyi adlardır.

Ağlamalı durumdur, həm də dərs çıxarmalı hadisə.

Tək "Qarabağ" yox, bütün klubların rəhbərliyi və AFFA mənsubları bu matça dönə-dönə baxsın.

Ki, ölkə futbolunun gələcəyinin nə qədər bataqlıqda, çirkablıqda olduğunu görsün.

Klublarımızın büdcəsinin böyük hissəsini əsas komandaya ayırır. Aşağı yaş qrupları isə xala xətrin qalmasın deyə saxlanır.

Hər nə qədər ki, akademiyalarda məşqçilər min manat alanda sevinəcək, ölkə xaricində təcrübə keçməyə göndərilməyəcək, onların əlindən çıxanlar da maksimum bu səviyyədə olacaq.

XANOĞLAN İMANOV

Chosen
19
sportinfo.az

1Sources