EN

“Centlmen razılaşması” baş tutmadı İsraili Qəzzada hansı dəhşət gözləyir?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Qəzzaya yenidən genişmiqyaslı əməliyyat başlayıb. Təkcə son 24 saatda aclıq və bombardman nəticəsində 98 nəfər həyatını itirib. Ümumi itki sayı isə 62 mini keçib. Bu qədər itki XXI əsrin ən böyük faciələrindən biridir”.

Bu sözləri Globalinfo.az-a politoloq Kazım Kazımov İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatları şərh edərkən deyib.

Onun fikrincə, “HƏMAS-a hücum” kimi təqdim edilən bu əməliyyat iki əsas səbəbdən ölçüsüz görünür:

“Birincisi, Qəzzada HƏMAS-ın döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyib. İki il əvvəl HƏMAS-ın 40 minə yaxın döyüşçüsü, minlərlə konvensional silahı və geniş tunel şəbəkəsi var idi. Lakin uzunmüddətli müharibə və blokada HƏMAS-ın gücünü xeyli azaldıb. İndi İsmayıl Hənyə, Yehya Sinvar, Məsud əl-Deif, Fəvzi əl-Əruri və digər komandirlər ya həlak olub, ya da ciddi itkilərə məruz qalıb. Tunellərin böyük hissəsi dağıdılıb, on minlərlə döyüşçü həyatını itirib. Əlbəttə, HƏMAS hələ də müqavimət göstərir, amma hazırda onun döyüşçü sayı ən yaxşı halda bir neçə min nəfərdir. İsrailin də həftəlik itkiləri 2-3 əsgərə qədər azalıb ki, bu da münaqişənin mikrotoqquşmalara çevrildiyini göstərir.

İkincisi, Yəhya Sinvarın 7 oktyabrda planladığı “böyük müharibə” strategiyası artıq aktuallığını itirib. İki il əvvəl Sinvar İsrailə qarşı şok yaratmağı və müharibənin geniş coğrafiyaya yayılmasını hədəfləyirdi. Onun planında “Hizbullah”, Husilər və İranın digər dəstəklədiyi qruplar, həmçinin İran, Suriya, Misir və digər ərəb ölkələrinin münaqişəyə qoşulması nəzərdə tutulurdu. Ərəb ölkələrinin iştirakı ilə bağlı dəqiq proqnoz vermək çətindir, amma ehtimal edilir ki, İran və müttəfiqləri ilə Sinvar arasında müəyyən “centlmen razılaşması” mövcud idi.

Kazım Kazımov

Lakin HƏMAS-ı tək qoyan ilk qrup “Hizbullah” oldu. Həsən Nəsrullahın rəhbərlik etdiyi bu qrup sərhəd toqquşmalarından kənarda qalmağa çalışdı. Husilər isə yalnız mediada təsir yaradan, effektsiz uzaqmənzilli raket atışları ilə kifayətləndilər.

Necə deyərlər, “qorxunun əcələ faydası olmadı”. Həsən Nəsrullah başda olmaqla İranın proksiləri gözləmə mövqeyində ağır zərbələr aldı. İran özü də 12 günlük müharibəyə qatılmaq məcburiyyətində qaldı. Doğrudur, ballistik raket atışları ilə özünü qorusa da, bu hücumlar regionda ciddi nəticə vermədi”.

Ekspert deyib ki, bu gün həm döyüş meydanında, həm də geopolitik səviyyədə istədiyinə nail ola bilməyən HƏMAS-a qarşı başlanan “geniş hücum” daha çox mülki əhalini əziyyətə salır:

“İsrail hökumətində ultra-sağçı Naftali Bennettin və Amihai Eliyahu da daxil olmaqla sərt mövqedə olan nazirlər qəzzalıların tamamilə yurdlarından çıxarılmasını tələb edir, əks təqdirdə hökuməti koalisiyanı dağıtmaqla təhdid edirlər.

Lakin münaqişənin uzanması bölgəni heç kimin istəmədiyi səviyyəyə gətirir. İsrail Qətərə, Suriyaya və Livana zərbələr endirib. Qətərə hücumu həm Körfəz ölkələrinə siqnal idi, həm də zəif atəşkəs ümidlərini aradan qaldırdı. Səudiyyə Ərəbistanı və BƏƏ kimi böyük imkanlara malik ölkələr bu addımı müsbət qarşılamadı. Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Baş naziri Benyamin Netanyahu arasında artan gərginlik Suriyada qeyri-sabitliyi daha da dərinləşdirir.

Son olaraq qeyd etmək istəyirəm ki, “qəzzalıları sürgün etmək” planı real deyil. Fələstinlilər əvvəllər Livan və İordaniyaya köçənlərin yaşadığı çətinlikləri yaxşı xatırlayırlar. Hələ də on minlərlə qaçqın ağır şəraitdə yaşayır. Buna görə də yüz minlərlə insan doğma torpaqlarını tərk etməmək üçün əlindən gələni edəcək. Bu da İsrailin öz əsirlərini xilas etmə şansını azaldır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
globalinfo.az

1Sources