EN

Psixoloqdan yazıçıya cavab: “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”

Tanınmış yazıçı İlqar Fəhminin mütaliəsi olan adamın psixoloqa ehtiyacı olmaması ilə bağlı açıqlaması maraq doğurdu: həqiqətənmi bədii ədəbiyyat psixoloqun vəzifəsini öhdəsinə götürə bilər? Təhsilli, mütaliəli, özünü və düşüncələrini ifadə edə bilən insanın çətin anları, həll edə bilmədiyi problemləri ola bilməzmi?

Yazıçının açıqlamasına münasibət bildirən psixoloq Vəfa Əkbər Bizim.Media-ya dedi ki, ümumiyyətlə bu fikir mübaliğəli şəkildə ifadə olunub:
 

MÖVZU İLƏ BAĞLI:

İlqar Fəhmi: “Geniş mütaliəsi olan şəxsin psixoloqa ehtiyacı yoxdur” - FOTO


“İnsan mütaliə etdikcə onun daxili dünyası, düşüncəsi, duyğuları dəyişir və bununla da asanlıqla özünü tanıya bilir. Amma heç bir bədii kitab psixoloqu əvəz edə bilməz, çünki hər emosional yük mütaliəylə açılmır. Travmalar, depressiyalar, panik ataklar, eləcə də digər dərin və mürəkkəb hallarda yalnız oxumaq kifayət etmir.

Ədəbiyyat diaqnoz qoymur, terapiya etmir, üstəlik sadalanan gərgin vəziyyətlərdə insanın heç mütaliə həvəsi də olmur, oxumağa hövsələsi çatmır. Başqa sözlə, ədəbi mütaliə şəxsin inkişafında çox dəyərlidir, insana bələdçi ola bilər, amma psixoloq həm bələdçi, həm də şəfaçıdır”.

Doğrudur, İ.Fəhmi oxuculara düzgün bədii kitab seçimi tövsiyə edir, amma bu da fərdə görə dəyişir.

Müxtəlif xarakterdə olan oxucular üçün düzgün seçim daxili dünyasından əhvalına görə fərqlənə bilər. Yazıçı son onilliklərdə insanın həyat eşqini, fərdi inkişaf həvəsini də öldürən əsərlərin dəbə mindiyini vurğulasa da əslində insan psixologiyasını alt-üst edən klassik əsərlər də var. Bunlardan Fyodor Dostayevskinin “Cinayət və cəza”sı, Frans Kafkanın “Çevrilmə”si, Vladimir Nabokovun “Lolita”sı respondentlərin rəylərinə görə ilk üçlükdədir.

Şəfiqə Şəfa, Bizim.Media

Chosen
18
bizim.media

1Sources