EN

Xərçəng İsveçdə əsas ölüm səbəbinə çevrilir

Stokholm, 19 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə ölüm halları son onilliklərdə əhəmiyyətli dərəcədə azalıb.

AZƏRTAC xəbər verir ki, 1969-cu ildən bəri əhalinin hər 100 min nəfərinə düşən ölüm hallarının sayı 50 faizdən çox azalmış, orta ömür uzunluğu isə təxminən on il artmışdır.

Mərkəzi Statistika Bürosunun məlumatına görə, ötən il qadınlar orta hesabla 85,4 il, kişilər isə 82,3 il yaşayıb. Bu inkişafın əsas səbəbi ürək-damar xəstəlikləri nəticəsində ölüm hallarının kəskin azalmasıdır.

1969-cu ildə hər 100 min sakinə 1 mindən bir qədər az qadın və 1200-dən çox kişi infarkt və insult səbəbindən ölüb. Ötən il bu rəqəmlər müvafiq olaraq təxminən 200 və 300-ə düşüb.

Bu fonda xərçəng getdikcə əsas ölüm səbəbinə çevrilir. Stokholm, Uppsala və Qotland da daxil olmaqla bir sıra bölgələrdə o, artıq qadınlar arasında, kişilər arasında isə Stokholm, Halland və Qotlandda ölümlərin əsas səbəbidir.

Gənclər arasında da ölüm hallarının azalması müşahidə olunur. Keçən il xarici səbəblərdən bir dənə də olsun körpə ölüm halı qeydə alınmayıb. Qəfil körpə ölümü sindromundan (QKÖS) ölən uşaqların sayı da rekord aşağı həddə çatıb: keçən ildəki 13 hal ilə müqayisədə bu il altı hal, 1990-cı ildə isə 146 hal olub.

Ekspertlərin sözlərinə görə, bu statistikalar etibarlıdır və risk faktorlarının müəyyənləşdirilməsinə və ölüm hallarının daha da azaldılmasına yönəlmiş elmi tədqiqatlar üçün fəal şəkildə istifadə olunur.

Chosen
6
2
azertag.az

3Sources