EN

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Hacıqabulda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax və Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən baş verən hadisələrə görə sığorta ödənişlərinin həyata keçirilməsi, arpa, qarğıdalı və pambıq sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq həll edilməsi üçün nəzarətə götürülüb. Aqrar Sığorta Fondunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər olduqca sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Fermerlərə, həmçinin payızlıq əkin sahələrinin bəyanı dövrünün başladığı bildirilib və əkin sahələrini bəyan etdikdən sonra sığortalamaq tövsiyə edilib.

Qəbuldan sonra Fuad Sadıqov rayonda yerləşən intensiv nar bağlarına baş çəkib, məhsul yığımına hazırlıq işləri ilə tanış olub.

2Sources