Fiziki yüklənmədən sonra yaranan əzələ ağrısı məşqləri dayandırmaq üçün səbəb deyil – əksinə, bədənin uyğunlaşma prosesinin göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, məşqdən 12-24 saat sonra ortaya çıxan və 24-72 saat ərzində pik həddə çatan gecikmiş əzələ ağrısı yeni və ya artan fiziki fəaliyyətin təbii nəticəsidir. Bu zaman əzələ toxumalarında mikroyırtıqlar yaranır, bədən həmin bölgələrə qida maddələri və maye yönləndirir ki, bu da müvəqqəti iltihab və ağrıya səbəb olur.
Alimlər bildirirlər ki, orta dərəcəli əzələ ağrısı müntəzəm məşqlərin əzələ kütləsini artırdığını və fiziki hazırlığı yaxşılaşdırdığını göstərir. Təcrübəli idmançılar isə yükü tədricən artırdıqları üçün hər məşqdən sonra ağrı hiss etməsələr də, nəticə əldə etməyə davam edirlər.
Bununla belə, həkimlər xəbərdarlıq edirlər: əzələ ağrısı zamanı məşq etmək orqanizmə ciddi zərər verməsə də, performansı azaldaraq zədələnmə riskini artıra bilər. Ona görə də güclü ağrı zamanı bədəni dinləmək və həddindən artıq yüklənmədən qaçmaq tövsiyə olunur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az