Uşaq futbolu Azərbaycan futbolunun ən ağrılı nöqtəsidir desək, özümüzdən Amerika kəşf etmiş olmarıq.
Təəssüf ki, ölkədə bir çoxu futbolun problemlərindən ağız dolusu danışsa da, çox az adam (klub) əlini daşın altına qoyub, bu istiqamətdə səmərəli iş görür və ya ən azından buna cəhd edir.
Azərbaycanda uşaq futbolu üçün iş görən hansı klublar var deyə soruşsaz, 2-3 klubun adı çəkilə bilər. Bu klublardan da çox güman, biri elə “Sabah” olar. Adı ilə ölkə futbolunun gələcəyini qurmağa iddialı olan klubun insafən bu sahədə gördüyü işləri alqışlamaq olar.
Klubun futbol akademiyası həm azyaşlılara yaratdığı şərait, həm də qazandığı nəticələrlə digərlərindən aşkar fərqlənir.
Təsadüfi deyil ki, uşağını futbola yazdırmaq istəyən valideynlərin də ilk ağlına gələn klub əksər hallarda məhz “Sabah” olur. Əlbəttə, çatışmazlıqlar da yox deyil, iş olan yerdə çatışmazlığın da olması normal haldır.
Normal olmayan ölkə futbolunda az-çox iş görməyə çalışan klublardan birinə qarşı qara piar kampaniyası aparmaqdır.
Son günlər “Sabah”ın U-11 komandasının Şimali Makedoniyaya beynəlxalq turnirə yollana bilməməsinə görə tənqid atəşinə tutanlar, klubu buna görə tənqid edənlər var.
“Sabah” ölkə klubları arasında ölkə xarici turnirlərə ən çox komanda göndərən bəlkə də 1-2 klubdan biridir. Hər ay “bayquşlar”ın azyaşlılarının sorağını bir ölkədən eşidirik.
“Sabah”ın aşağı yaş qruplarının sorağı gah İtaliyadan, gah qonşu Gürcüstan, Türkiyədən, gah da ağlımıza gəlməyəcək başqa ölkələrdən gəlir.
Əlbəttə, bu qədər səfərin olduğu yerdə illər ərzində hansısa problemin çıxması tam normal haldır. Məsələni araşdırdıq və bizə agah oldu ki, problem “Sabah”ın səhvindən yox, texniki problemdən qaynaqlanıb.
“Sabah”ın U-11 komandası üçün Şimali Makedoniyada olacaq turnirlə bağlı göndərilən dəvətnamə əsasında viza verilməli, komandanın bu ölkəyə maneəsiz daxil olmasına icazə verilməliydi.
Dəvətnamə olsa da, Makedoniya tərəfdən icazə üçün təsdiq gecikdiyindən komandanın səfərə yollanması alınmayıb.
Səhv klubdan qaynaqlanmadığından, heç bir maliyyə itkisinə yol verilməyib. Yəni “Sabah” alınmayan səfərə görə xərcə düşməyib.
Lakin “Sabah” rəhbərliyi azyaşlılarını turnirsiz qoymayıb. Komanda artıq gələn ay, Türkiyədə baş tutacaq beynəlxalq turnirdə iştirak edəcək.
Görünyü kimi, problem texniki səbəbdən qaynaqlanıb və klub buna görə heç bir maliyyə itkisi yaşamayıb. Buna rəğmən, bu hadisənin konteksdən çıxarılaraq başqa cür formada təqdim edilməsi başqa məqamlardan xəbər verir.
Deməli, hələ də bəziləri ölkə futbolunda müsbət işlərin görülməsini həzm edə bilmirlər. Bu istiqamətdə az-çox tərpəniş göstərənləri də buna peşman etməyə çalışırlar.
Nə deyək, Allah futbolumuzun sabahını belələrindən qorusun!
OSMAN