EN

Naxçıvanda enerji təminatı güclənir: Yeni yarımstansiyalar istifadəyə veriləcək

Naxçıvanın enerji sistemi yenidən qurulur.

Hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan, istismar müddətini başa vurmuş bir neçə yarımstansiya sökülərək yenidən tikilir.

Belə ki, 154/110/10 kilovoltluq "Babək", 110/35/10 kilovoltluq "Çeşməbasar" və 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyaları tamamilə yenidən inşa olunur. Bununla yanaşı, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi, eləcə də müasir texniki infrastruktur yaradılır.

"Azərenerji" Naxçıvan Enerji Şəbəkəsinin rəhbəri Məhərrəm Abbasov bildirib ki, yeni yarımstansiyaların istifadəyə verilməsi nəticəsində regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq. Bununla da sənaye müəssisələrinin və sosial infrastrukturun enerji təminatı daha yüksək səviyyədə həyata keçiriləcək.

Eyni zamanda "Azərenerji" tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də mühüm işlər görülür. Muxtar Respublikasının ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri sökülərək yenidən qurulur.

İlkin mərhələdə 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" yüksəkgərginlikli ötürmə xətləri 2 dövrəli olmaqla, ümumilikdə 68 kilometr məsafədə yenidən çəkilir.

"Azərenerji" tərəfindən Naxçıvan Muxtar Respublikasında 3 istiqamət üzrə ötürmə xətləri və 3 yeni yarımstansiya, həmçinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi tikilir. Bu layihələrin 2027-ci ildə tam yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Prezidentinin 23 noyabr 2024-cü il tarixli, 235 nömrəli Fərmanına əsasən icra olunur.

Ətraflı Baku TV-nin süjetində:

Chosen
7
16
far.az

10Sources