EN

İlk dəfə Avrokuboklara qatılan klubumuzun hədəfi NƏDİR? – Baş məşqçidən AÇIQLAMA

Bu mövsüm ölkəmizi FİBA Avropa kuboku turnirində 3 klub təmsil edəcək. Onlardan “Neftçi” və “Sabah” turnirin birbaşa qrup mərhələsində mübarizə aparacaq. Daha bir klubumuz “Abşeron Lions” isə ilkin təsnifat mərhələsindən yarışa qatılacaq. Tarixində ilk dəfə Avrokuboklarda  mübarizə aparacaq təmsilçimizin bu mərhələdəki rəqibi Kiprin "Anartosis" klubudur.

Komandamızın hazırlığı necə gedir və “Abşeron Lions”un Avrokuboklardakı hədəfi nədir?

Bu sualla bağlı komandanın baş məşqçisi Erhan Tokerə müraciət etdik. O, Bizim.Media-ya açıqlamasında ilk olaraq klubun FİBA Avropa kubokundakı hədəflərinin qrup mərhələsinə çıxmaq olduğunu bildirdi:

“Təbii ki, Avropa kubokunda hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bilirsiniz ki, “Neftçi” və “Sabah” birbaşa qrup mərhələsində oynayacaqlar. Biz isə təsnifatda oynayacağıq. Əgər qrup mərhələsinə vəsiqə qazansaq, orada da layiqli mübarizə aparmağa çalışacağıq.
 

Təbii ki, bu asan olmayacaq. Ona görə də hədəfimizə çatmaq üçün var-güclə çalışırıq. Həm transferlər edirik, həm də gərgin məşqlərimizi davam etdiririk. “Ordu” klubu ilə iki yoxlama oyunları keçirmişik. Hazırlığımız yaxşı gedir. Oyunçularımız yavaş-yavaş formaya düşməyə başlayırlar. “Anartosis”lə oyuna qədər komandanı lazımı formaya çatdırmağa çalışacağıq”.


Qeyd edək ki, “Abşeron Lions” “Anartosis”lə ilk oyununu sentyabrın 24-də Bakıda keçirəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
22
1
bizim.media

2Sources