EN

İsveç Aİ-dən meşələr üçün iqlim tələblərini azaltmağı xahiş edib

İsveç meşə sektoru ilə bağlı Avropa İttifaqının (Aİ) iqlim öhdəliklərini yerinə yetirməmək riski ilə üzləşib – bu fərq 2030-cu ilə qədər təxminən 70 milyon ton istixana qazı emissiyası təşkil edir.

“İki sahil” xəbər verir ki, hökumət mövcud şəraitdə emissiyaların azalmasına yanacaq kvotalarını artırmadan və meşələrin qırılmasına əhəmiyyətli məhdudiyyətlər qoyulmadan hədəflərə nail olmağın mümkün olmadığını etiraf edir. Lakin Aİ məsələləri üzrə nazir Yessika Rozenkrantsın sözlərinə görə, bu cür tədbirlər hazırkı administrasiya üçün qəbuledilməzdir.

Böhranın səbəbləri ağacların sürətli kəsilməsi, quraqlıq və qabıq böcəyinin geniş yayılmasıdır. Bu da İsveç meşələrinin böyüməsini ləngidib. Bu, nəqliyyat və kənd təsərrüfatı sektorlarına təzyiqi artırır, tələblərin həyata keçirilməsi da əhəmiyyətli dərəcədə geri qalır.

Nəqliyyat və kənd təsərrüfatına olan iqlim tələblərinə gəlincə, büdcə təkliflərinin 2030-cu ilə qədər emissiyaları 1,5 milyon ton azaldacağı gözlənilir ki, bu da lazım olunanın yalnız dörddə birini təşkil edir. Buna yüngül kommersiya avtomobilləri üçün iqlim mükafatının artırılması və doldurma stansiyalarına əlavə investisiyaların hesabına nail olunacaq.

Meşə sektoru üçün təsir daha azdır. Hesablamalara görə, hökumətin təklifləri fərqi 2030-cu ilə qədər cəmi 160 min ton – hədəfin 2 faizi qədər azaldacaq.

Baş nazir Ulf Kristersson və finlandiyalı həmkarı Petteri Orpo artıq Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə məktub göndərərək, ondan qaydaları yenidən nəzərdən keçirməyi xahiş ediblər.

“Narahatlığımız təsdiqləndi. Meşə sektorunda ciddi məhdudiyyətlər olmadan İsveçin öz məqsədlərinə çatması olduqca çətindir, bu da dağıdıcı nəticələrə gətirib çıxara bilərdi”, - deyə Rosenkrants vurğulayıb.

Chosen
41
2
ikisahil.az

3Sources