EN

Maksim Medvedev: “Bu gün Emin Qurbanovu üstələyir, sabah kimsə onun rekordunu yeniləyəcək” - MÜSAHİBƏ

BAKI, 19 sentyabr. TELEQRAF

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın “Benfika” klubunu məğlub edərək (3:2) dünyada adından söz etdirməyi bacardı.

Ağdam təmsilçisinin sabiq kapitanı, hazırda “Qarabağ-2”nin baş məşqçisi Maksim Medvedev Teleqraf-a müsahibə verib. Klubun ən təcrübəli və ən çox oyun keçirmiş sabiq futbolçusu maraqlı fikirlərini bölüşüb.

– “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”nı 3:2 hesabı ilə məğlub etdi. Belə bir nəticə gözləyirdinizmi?

– Əlbəttə, hamı bilirdi “Qarabağ” çətin səfərə gedir. “Benfika” kağız üzərində favorit sayılırdı. Amma gözləntilərin əksinə, “köhlən atlar” həmin gecə möhtəşəm oyunla qələbə qazandı. Komanda 0:2 hesabı ilə geridə olduğu halda 3:2 qalib gəldi. Bu, çox çətin idi, amma öhdəsindən gəlmək mümkün oldu. Neçə milyon insanı sevindirdilər, bu qələbəyə layiq idilər. Oyunöncəsi çoxları heç-heçənin də yaxşı nəticə sayırdı.

– “Qarabağ” bu il Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə yanaşı, göstərdiyi oyunla da diqqətləri üzərinə çəkir. Sizcə, komanda buna nəyin sayəsində nail oldu?

– Mən də elə düşünürəm. Matçı izləyərkən fərqli epizodlar gördük. Artıq hamı “Qarabağ”ın oyununa öyrəşib. Amma bu dəfə yeniliklər də hiss olunurdu. Hücumda daha iti, müdafiədə isə daha kompakt oynayırlar, bir-birini sığortalayırlar. Komanda şəklində çox yaxşı oyun göstərirlər.

Dinamikada da fərqi görmək olurdu. Rəqib də matç başlayar-başlamaz başa düşdü ki, “Qarabağ”a qarşı 90 dəqiqə oynamaq asan olmayacaq.

– Bu mövsüm komandada çoxlu dəyişikliklər oldu. Sizcə, hazırkı heyəti “Qarabağ”ın ən güclü heyətlərindən biri adlandırmaq mümkündürmü?

– Hər il “Qarabağ”da dəyişikliklər olur. Mən həm oynadığım, həm də oynamadığım vaxtlarda bunu müşahidə etmişəm. İldən-ilə komanda daha da güclənir. Hazırkı dinamika və sürət ötən il çatışmırdı. Ona görə bu il gördüyümüz “Qarabağ” bəlkə də ən yaxşısıdır.

Bilmək olmaz, bəlkə növbəti il bundan da yaxşı olacaq, düşünməyək ki, əvvəl zəif idi. Sadəcə inkişafı görmək olur ki, bu da nəticələrə təsir edir. Demək ki, “Benfika” kimi komandalara qarşı yaxşı oyun göstərmək mümkündür, bunu bacarırlar.

– Komandada daha peşəkar hücumçunun olmaması qarşıdakı oyunlarda problem yarada bilərmi?

– Mətbuatda oxuyuram, hey soruşurlar ki, hücumçu bəs nə vaxt alınacaq. Amma “Benfika” ilə oyunda iki qoldan birini Leandro Andrade, digərini Aleksey Kaşuk vurdu. Hər ikisi yarımmüdafiəçidir. Futbolda belə qayda yoxdur ki, hücumçu alınacaq və bütün qolları o vuracaq.

Strategiya elədir ki, sırf forvard axtaran komandalar azdır. Əsas epizodlar yaradan və onları dəyərləndirən futbolçular vacibdir. Kamillo Duran son oyunda mükəmməl çıxış etdi. Ona görə sırf hücumçu axtarmaq düzgün deyil. Zubir, Kadi, Yankoviç kimi oyunçularla hücumları qurmaq mümkündür.

– “Qarabağ”ın sabiq kapitanı kimi Çempionlar Liqasının əsas mərhələsindəki ilk qələbədə iştirak etsəydiniz, onu şəxsən kimə həsr edərdiniz?

– Təəssüf ki, oynamıram. Biri bu qələbəni ana-atasına, digəri məşqçisinə, bir başqası prezidentə həsr edir. Hərə bir söz deyə bilər. Amma mənə görə bu qələbə Azərbaycan xalqına həsr olunmalıdır. Çünki hamının sevincinə səbəb oldu.

– Bilirik ki, hazırda “Qarabağ-2”də olsanız da, ürəyiniz əsas komandanın yanındadır. Bu qələbədən sonra Qurban Qurbanov və futbolçularla görüşdünüzmü?

– Daim futbolçular və məşqçilərlə ünsiyyətdəyəm. Əvəzedicilərdəyəm, düzdür, mütəmadi olaraq oturub danışa bilmirik. Çünki Azərbaycan çempionatı, Çempionlar Liqası oyunları və millinin matçları oynanılır deyə, qrafikləri sıxdlr. Bizim akademiyanın da işi çoxdur. Amma daim kommunikasiyada oluram. Oyundan əvvəl və sonra onlarla danışıram. Soruşuram ki, özlərini necə hiss edirlər, nə çətinlik var, hansı hislər keçirdilər.

Çalışıram legionerlərlə də isti münasibət saxlayım. Marko Yankoviçlə söhbətim olmuşdu, əvvəlki zədəsi tam sağalmayıb. Narahatam, çünki o, komandanın beynidir. Oyundan sonra nəsə xoşum gəlməsə, həmin dəqiqə soruşuram nə problem var. Çalışıram belə şeylər tez aradan qalxsın, həmişə yaxşı performans göstərsinlər, can-başla oynasınlar.

– Qarşıda “Qarabağ”ı “Kopenhagen”lə oyun gözləyir. Gözləntilər də böyükdür. Siz bu səfər və rəqib barədə nə deyə bilərsiniz?

– “Kopenhagen” bizə tanış rəqibdir. İlk dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşəndə onları keçmişdik və mən də o oyunda oynamışdım. Onlar Avropada tanınmış komandadır. “Qarabağ”ın doğma meydanda yaxşı nəticə qazanmasını və yenidən azarkeşləri sevindirməsini arzulayıram.

– “Qarabağ-2”dən əsas komandanın məşqlərinə futbolçular cəlb olunubmu? Yaxın vaxtda əsas heyətdə debüt edə biləcək namizədlər varmı?

– Əvəzedicilərdən mütəmadi olaraq əsas komandaya futbolçu göndəririk. Kadi, Zubir kimi futbolçularla birgə məşq etmək yetirmələrimiz üçün böyük təcrübədir. Hikmət Cəbrayılzadə artıq əsas komanda ilə çox qalır və oyunlara da çıxır. Bu, sevindiricidir.

İstəyirik ki, belə nümunələrin sayı artsın. Hikmətlərin sayını çoxaltsaq, akademiyanın işini üzə çıxaracağıq. Bütün yaş qrupları üzrə məşqçilər çalışır ki, futbolçularımıza ən yaxşısını ötürək və onların uğurunda payımız olsun. 10 il sonra televiziyada baxıb deyəcəyik ki, bu uşağı mən hazırladım, indi görürsünüz haradadır. Bu, həm məşqçilər üçün yaxşıdır, həm də futbolçular üçün müsbətdir.

– Milli komandanın sabiq kapitanı olaraq baş məşqçi Fernandu Santuşun istefası barədə nə düşünürsünüz?

– Bu istefa olmalı idi. Nə oyun, nə də nəticələr qane edirdi. Ona görə də Santuşun istefaya getməsi normaldır, belə də olmalı idi. Onun dövründə komandanın daxilində olmadığım üçün nəyin dəyişildiyini bilmirəm. Görünən odur ki, daha aşağı səviyyəyə gəlib çıxmışıq. Yalnız bir şeyə bilərəm, məncə, yeni baş məşqçi yerli mütəxəssis olmalıdır.

- Daha çox Ayxan Abbasov və Rəşad Sadıqovun adı millinin baş məşüçi postuna namizəd olaraq çəkilir. Siz hansını daha uğurlu namizəd hesab esirsiniz?

- Bu işi hansı mütəxəssis götürəcək, böyük sualdır. Həm Rəşad Sadıqov, həm də Ayxan Abbasov daha çox gündəmdə olan məşqçilərdir. Kimi təyin edə bilərlər, bilmirəm. Ən azından ikisi də Santuşdan yaxşı olacaq, buna əminəm. Çünki hər ikisi sistematik futbol oynadır. Hər ikisi bilir ki, oyunçulardan nə tələb edilməlidir, yerlidirlər, futbolçularla daha tez dil tapacaqlar və artıq tərcüməçiyə ehtiyac qalmayacaq. Nə deyiləcəksə, həmin dəqiqə yerinə yetiriləcək.

Hətta Ukrayna ilə oyunda gördük ki, Ayxan Abbasov komandanı necə toplayıb oyuna çıxarıb. Əlbəttə, yerli məşqçilərə şans vermək lazımdır. Nəticələr də ümid edirəm, yaxşı olacaq.

İkisinin arasında seçim etmək mənim üçün çətin olar. Fərqli futbol oynadırlar, əsas odur ki, nəticə yaxşı olsun və millimiz daha yuxarılara çıxmağa başlasın.

– Emin Mahmudov Azərbaycan millisində 15-ci qolunu vurmaqla Qurban Qurbanovun rekordunu yenilədi. Bu barədə fikirləriniz?

– Emin ilk dəfə millinin düşərgəsinə gəldiyi günü xatırlayıram. Mən də oradaydım. Çox texnikalı futbolçudur, beyni çox yaxşı işləyir. Lazımi epizodlarda iştirak edir və meydanda özünü rahat hiss edir. O vaxtdan qollar vurmağa başlamışdı. Hətta bir dövr hər oyunda Emin qol vururdu. O zamanlar mən də oynayırdım. Fikrimcə, bu, rekord idi və vurmağı gözlənilən idi.

Üstəlik, onun yığmada çıxış etmək üçün hələ 2 ili var. Bildiyiniz kimi, rekordlar qırılmaq üçündür. Bu gün Emin üstələyir, sabah kimsə onu keçəcək. Biz buna sevinməliyik ki, hər kateqoriyada belə qol vuran futbolçular gəlir və rekordları yeniləyirlər.

Chosen
43
teleqraf.com

1Sources