1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Yağıntılı, eləcə də küləkli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəli olur".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı etdiyi xəbərdarlıqda bildirilib.
"Yol örtüyünün sürüşkənliyi, sürücülərin görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın asanlıqla itirilməsi qəza riskini dəfələrlə artırır. Belə şəraitdə bu nəqliyyat vasitələrinin idarə olunması həm istifadəçilərin özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Xatırladırıq ki, ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol şəraitinə daha həssasdır və qəza anında xəsarət alma ehtimalı yüksək olan qrupdur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti mövcud olan hallarda onların yola çıxmaması tövsiyə olunur.
Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəli hava şəraitində skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadədən çəkinərək, özlərinin və ətrafdakı insanların təhlükəsizliyini qorumağa, eləcə də digər hərəkət iştirakçıları üçün əlavə risk yaratmamağa xüsusi diqqət yetirsinlər", - deyə müraciətdə qeyd edilib.