EN

Dövlətin pulunu özəl bağçalara qoyunca, dövlətin öz bağçalarını gücləndirmək olmaz?..


İlham Əhmədov: “Bu layihə əslində təhsil layihəsi deyil, kiminsə özəl biznesinə dövlət büdcəsi hesabına dəstək layihəsidir”

“2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” adlı tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində təxminən 120 min uşaq təlimə cəlb olunub.

O qeyd edib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin daha da genişləndirilməsi üçün işlər görülür: “Əhatə dairəsinə görə ikinci yerdə məktəbəhazırlıq qrupları dayanır və bu qruplarda yeni tədris ilindən 12 minə yaxın uşaq təlimə cəlb ediləcək. Üçüncü mühüm istiqamət icma əsaslı təlim qruplarıdır. Ötən il bu layihə çərçivəsində 1000 uşaq iştirak etmişdisə, bu il yeni tədris ilindən həmin qruplarda təxminən 22 min uşaq təlimə cəlb olunacaq”.

O əlavə edib ki, ötən il ilk dəfə dövlət-özəl tərəfdaşlığı çərçivəsində məktəbəqədər yaşlı uşaqların özəl təhsil müəssisələrində təlimə cəlb edilməsi həyata keçirildi. Ötən il 1 500 uşaq bu layihədən yararlanmışdı. Planlaşdırılır ki, bu il oktyabr ayından etibarən təxminən 4 000 uşaq həmin platformadan faydalansın:“Eyni zamanda mövcud ənənəvi bağçalarda infrastruktur tədbirlərimiz davam edir: tələbat olmayan kənd yerlərində qruplar bağlanır, daha yüksək tələbat olan bağçalarda isə əlavə qruplar açılır. Nəticədə minlərlə uşaq məktəbəqədər təhsilə cəlb edilir”.

Məktəbəqədər yaşlı uşaqları dövlət dəstəyi ilə özəl tədris müəssisələrinə yönəldirlər.

Bu layihənin əhəmiyyəti nədir?

Dövlətin özünün müəssisələri var. Bunu dövlət məktəblərinin özündə də etmək olmazmı? Yəni məktəbləri də məktəbəqədər təhsilə cəlb etmək yaxşı hal olardı. Bu məsələ özəl müəssisələrdə niyə olmalıdır? Özəl müəssisəyə dövlət pul keçirir, burda şəffaflıq nə dərəcədə qorunur? Həmin o məktəblər hansı prinsiplərlə seçilir? Bu məktəblərlə bağlı Elm və Təhsil Nazirliyinin saytında məlumat varmı?

Gizlin deyil ki, Azərbaycanda özəl məktəblərin çoxu oliqarxlarındır, imkanlı şəxslərin və bəzi məmurlarındır. Özəl müəssisələrdə onsuz da təhsil haqqı çox bahadır. Bu adamlar ordan kifayət qədər pul qazanırlar. Dövlətin pulu niyə həmin özəl məktəblərə getməlidir? Nə üçün? Bu nə deməkdi? Dövlətin pulunu həmin özəl məktəblərə verincə dövlət məktəblərinin özündə məktəbəqədər təhsil imkanlarını artırmaq, şəraiti genişləndirmək olar. Dövlətin pulunu özəl müəssisələrə yönəltməyin mənası, xeyri, faydası, ziyanı nədən ibarətdir?

“Bu maliyyə hesabına dövlətin bəzi MTM inkişaf etdirilə, ya yenisi açıla bilərdi”

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə bildirdi ki, uşaqların özəl məktəbəqədər təhsil müəssisələrində (MTM) təlimə cəlb edilməsi haqda ümumi məlumatı var: “Bunun necə, hansı maliyyə mənbəyi ilə, kimlərin icra etdiyini konkret bilmirəm. Burda iki versiya ola bilər. Keçən il ETN (Elm və Təhsil Nazirliyi) özəl MTM (məktəbə qədər təshil müəssiələri) üçün 2 dəfə qrant müsabiqəsi elan etmişdi, hər biri də bir neçə milyon manat həcmində. Müsabiqədə özəl MTM-lər iştirak edirdir. Ola bilər, bu qrant çərçivəsində reallaşır bu proseslər. Ola da bilər ki, bu məqsədlə hər hansı tender elan olunub və bunun nəticəsi olaraq proses reallaşır. Keçən il də bu mövzuya bir məqalədə toxunmuşduq.

Bu layihə əslində təhsil layihəsi deyil, kiminsə özəl biznesinə dövlət büdcəsi hesabına dəstək layihəsidir. Əgər nazirliyə məktəbəqədər təhsilin inkişafı lazımdırsa, yaxud da məqsəd məktəbəqədər yaşlı uşaqları hansısa bir formada təlimə cəlb etməkdirsə, onda bu layihəni özəl yox, dövlət MTM xətti ilə icra edə bilərdi, pul da onların inkişafına gedərdi.

Dövlətin MTM-nin xeyli problemləri var, amma maliyyə qıtlığı səbəbilə problemlər vaxtında həll edilmir.

Bu maliyyə hesabına dövlətin bəzi MTM inkişaf etdirilə, ya yenisi açıla bilərdi. Amma dövlət MTM kənarda problemlərin içində qalıb, əvəzində hansısa özəl MTM-ləri üçün dövlət hesabına iki dəfə qrant müsabiqəsi elan edilir, hər dəfə də milyonlar israf edilir, bu rasional addımdırmı?”.

İ.Əhmədov qeyd etdi ki, ETN regionlarda 1500 məktəbi maliyyə azlığı səbəbi ilə bağlayır, məktəblərdə uşaqlardan təmir pulu yığılır, eyni vaxtda da kimlərinsə biznesi üçün özəl MTM üçün irimiqyaslı investisiya edilir: “Əgər həqiqətən ETN-nin belə sərbəst vəsaitləri varsa, niyə universitetlərə qrantlar vermir? Universitetlərimiz 30 il müddətində bir dəfə də olsun ETN-dən qrant almayıblar. Heç digər qurumlar da universsitetlərə qrant vermir, sponsor yardımı etmir. PHŞ olan universitetlərin bu gün heç bir maliyyə perspektivi yoxdur. Universitetlərimiz bütün reytinqlərdə pis nəticələr verir, bunun əsas səbəblərindən biri isə maliyyə sıxıntısı və ETN menecerlərinin səhv strategiyasıdır.

Universitetlər bu gün əlində olan az maliyyəni də ETN-nin yaratdığı “Təhsilin İnkiaf Fondu”na (TİF) ödəniş etməyə vadar edilir. Bu ödəniş isə az deyil, ortalama hər universitet 1 milyon civarında bu fonda pul ödəyir. Bu fondun maliyyə fəaliyyəti nazirliyin özünün maliyyə fəaliyyəti kimi çox qeyri- şəffafdır, bilinmir ki, o pullar hara xərcləndi, inkişafyönlü hansı işlər görüldü, bunun səmərəsi nə oldu və s. Bir də eşidirik ki, həmin fond 800 min manata RTİ və nazirliyin rəhbər işçilərinə bahalı xidməti avtomobillər alıb.

Halbuki, universitetlər o fonda ödədiyi pulla öz problemlərini qismən də olsa həll edə bilərdi. ETN-nin uzun illər ərzində maliyyə və kadr siyasəti tərsinə qurulduğu üçün, nəticədə bu gün tərsinə qurulmuş təhsil sistemimiz var. Nazir də bunu hər dəfə etiraf edir, amma nə faydası? Nəticə çıxarmırlar, həmən tərsinə qurulan maliyyə və kadr siyasəti “uğurla” davam edir. Onda “tərsinə qurulmuş təhsil sistemimiz var” kimi bəyanatların nə mənası varmış, əgər hər şey olduğu kimi davam edəcəksə?

Digər tərəfdən də, özəl MTM-ə iri pullar ayrılır. Bunun ədalətlə və şəffaf paylanması və xərclənməsi də şübhəlidir. Əgər ETN QHT-lərə verdiyi az qrantı ədalətlə və səmərəli idarə edə bilmirsə, milyonları səmərəli idarə edərmi? Yox! Bu kampaniya da qrantlar kimi “dosta kömək” funksiyası daşıyar yəqin.

Bizim təhsilimizin müstəqillik illərində iki böyük problem olub: səhv maliyyə və səhv kadr siyasəti. Son illər bu iki problem özünü daha qabarıq şəkildə biruzə verir. Düşünürəm ki, əlaqədar qurumlar ETN-nin səhv maliyyə siyasətinə diqqət etməli, bu fəaliyyətin daha şəffaf olmasını tələb etməlidir.

Bu il RTİ-də “Hesablama palatası” irihəcmli mənimsəmələr aşkarladı. KİV-lər yazırdı ki, Xızı-Abşeron RTİ 25-30 milyon manat yeyintiyə yol verib. Digər RTİ-lərdə də yəqin ki, belə hallar var.

2 il əvvəl internat məktəblərində 10 milyonlarla manat yeyinti aşkar edilmişdi. Maraqlısı budur ki, bütün bu maliyyə pozuntularını ETN özü yox, kənar nəzarətedici qurumlar müəyyən edib. Bəs ETN bunlara necə nəzarət edir?

Dövlət təhsilə 5 milyard manat büdcə ayırıb, təhsil isə inkişaf əvəzinə ilbəil çökür, təhsildə olan neqativlər artır. ETN menecerləri elm və təhsili bilmir, heç olmasa maliyyə işini bilsinlər, maliyyə intizamına riayət eləsinlər, büdcənin israfına yol verməsinlər. Təhsil büdcəsi elm və təhsilə xidmət etməlidir, şəxsi biznesə yox”.

İradə SARIYEVA

Chosen
59
baki-xeber.com

1Sources