"Suverenlik Günü, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öz ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi uğrunda apardığı milli mübarizənin rəmzi sonunu əks etdirən tarixi bir faktdır. Bu bir tarixdir və bu il ilk dəfə qeyd edəcəyimiz bu tarixi gün şanlı tariximizdə əbədi olaraq qalacaq".
Bunu hafta.az-a politoloq Rəşad Bayramov dövlət suverenlik gününün yol xəritəsinə diqqət çəkərkən deyib.
Politoloq qeyd edib ki, ölkəmiz və xalqımız tarixin müxtəlif mərhələlərində çoxsaylı çətinliklərə, işğala, məhrumiyyətlərə məruz qalıb, amma buna baxmayaraq müstəqillik və dövlətçilik əzmini hər zaman qoruyub saxlayıb:
"30 ildən çox davam edən işğal və etnik təmizləmə bu əzmi sındıra bilmədi. Ermənistanın işğalı Azərbaycanın 20 faiz ərazisi üzərində tarixi suverenliyini məhdudlaşdırdı və dövlət qurumlarının fəaliyyətini iflic etdi. Uzun illər aparılan danışıqlara baxmayaraq, Ermənistan münaqişənin sülh yolu ilə həll olunması istiqamətində heç bir addım atmadı. Əksinə, zaman-zaman yeni əraziləri də nəzarətə götürmək üçün fəaliyyət göstərdi. Azərbaycan buna biganə qala bilməzdi və Ermənistanın genişmiqyaslı işğal planlarına, hərbi təcavüz cəhdlərinə və ardıcıl təxribatlarına cavab olaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi, bununla da tarixi Zəfər qazanıldı. İşğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi".
R.Bayramov vurğulayıb ki, bundan sonrakı gözləntilər bu olub ki, ərazilərimizdə qalmaqda davam edən separatçı rejim də müharibənin nəticələrindən düzgün nəticə çıxararaq uyğun addımlar atacaq. Amma bu baş vermədi:
"2023-cü ilin 19 sentyabrında separatçılar və Ermənistan silahlı birləşmələri genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Ermənilərin mütəmadi olaraq atəşi pozması təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi. Digər tərəfdən, qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi suveren dövlət daxilində qəbulolunmaz vəziyyət idi. Bu vəziyyət Azərbaycanın suveren hakimiyyətini və nəzarət funksiyasını faktiki olaraq məhdudlaşdırırdı. Buna görə də ölkəmizin konstitusiya quruluşunun bərpası məqsədilə antiterror tədbirləri həyata keçirildi və bununla da Qarabağda erməni separatizminə son qoyuldu. Beləliklə, müstəqilliyini əldə etdikdən sonra daim təcavüzə və işğala, həmçinin beynəlxalq təzyiqlərə məruz qalan Azərbaycan, öz dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu".