EN

Məşhur yazıçının heyran qaldığı, yeraltı cənnət adlandırılan Yerbatan sarayı -VİDEO

“Dünya düzəni Şərqdən başlayıb”– bu fikirləri məşhur ingilis səyyahı və dövlət xadimi Conas Hanvey bildirib.

Dünyanın düzəninin başladığı Şərq bir zamanlar gözəlliklər məskəni idi. Son 100 il  Şərqin inkişafına da, çöküşünə də yol açıb. Bu gün Şərq qan gölünü xatırladır. Amma Şərqdə yaranan dünya düzənini pozmaq olmaz.  Şərq bütün sivilizasiyaların mərkəzi olduğu üçün bəlkə də dünyanın qəzəbinə gəlib. Amma tarixi silmək, yox etmək mümkün deyil.  Böyük səfərlər zamanı insanın yaddaşında hansısa bir söz ilişib qalır. Sonra, lap sonra anlayırsan ki, bu səfərin xəlvət qapılarını açmaq üçün eşitdiyin o qəfil ifadə sanki bir açar imiş. Elə mən də hər dəfə Türkiyəyə səfər edəcəyimi eşidəndə kitabları vərəqləməyə başlayıram. Türkiyəni bəlkə də Şərqin qapısı adlandırmaq daha düzgün olardı.  Dünyanı Şərqlə, daha doğrusu türkün, islam hümbətinin yaşam məskənləri ilə ədavətinin sirlərini anlamağa çalışdım. Yaddaşımda qalan məhz İngilis səyyahı Firyenin sözü həkk olundu:”…Bəşər özünü tapmaq üçün üzü Şərqə tərəf getməlidir !”

Şərqin hələ kəşf etmədiyimiz çoxsaylı şəhərləri var. Dünya hələ də ilk sivilizasiyanın yarandığı bu yerlərdən xəbərsizdir. Bəlkə də dünyanın  hələ də axtardığı cənnət elə yer üzərindədir. Biz bütün bunlardan xəbərsizisik. Amma biz Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi  və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin xətti ilə İstanbula səfərimizin ikinci günü bu qədim şəhərin tarixi abidələrinə baş çəkdik. Bəlkə də bu yazımı oxuyan hər kəs deyəcək ki, İstanbulun türklər tərəfindən azad edilməsi cəmi 572 il öncə olub. Amma nəzərə alsaq ki, Osmanlı tarixinin ən möhtəşəm qələbəsi olan İstanbulun(Konstantinopol) fəthi türk tarixinin qızıl imzasıdır, bu abidələrin qorunması bir miras məsələsidir.

Türkiyənin dörd bir yanı tarixdir. İlk insan məskənləri, tarixi kanyonlar bunlar sayılmayacaq və gəzilməklə qurtarmayacaq bir məkanlardır. Səfərimizin ikinci günü İstanbulun ən gözəl tarixi abidələrindən biri ,  yeraltı su anbarı olan Yerbatanı ziyarət etdik. Bura təkcə yeraltı su anbarı demək də, tarixə bir həqarət olardı. Məncə bura filmlərdə görmədiyimiz yeraltı bir cənnətdir. Bəlkə  də insan övladı bu dəyərləri qorumaqla tarixə öz sevgisini verib. Biz də bu yeraltı dünyaya ayaq basdığımız anda, buranı sehrinə düşdük. Gözlə görüb, sözlə izah edə bilməyəcəyim bir dünyada idim. Bura Yerbatan sarnıcıdır. Yəni yeraltı su anbarı….

Yerebatan Sarnıcı  İstanbulda yerləşən ən qədim və ən böyük yeraltı su anbarlarından biridir. Tarixi mənbələrə görə bura İmperator I Justinianus (527–565) tərəfindən şəhərin su ehtiyacını qarşılamaq məqsədilə 526–527-ci illərdə inşa etdirilib. Ayasofyanın cənub-qərbində, Soğukçeşmə küçəsində yerləşir. Suyun içindən ucalan çoxsaylı mərmər sütunlara görə xalq arasında “Yerebatan Sarayı” adı ilə də tanınır. Eyni zamanda, üstündə əvvəllər bazilika olduğuna görə “Bazilika Sarnıcı” adlandırılır.

Sarnıc Bizans dövründə şəhərin birinci və ikinci təpələri arasında yerləşən ərazilərin su ehtiyacını təmin edən Hadrianus su yollarına birləşdirilmişdi. Osmanlı dövründə isə Sarayburnu və Bahçekapı bölgələrinə su paylama mərkəzi kimi istifadə olunub. Lakin sonralar Osmanlıların öz su sistemlərini yaratmaları ilə sarnıcın funksiyası dəyişmişdi. Zamanla “Yerebatan” adı saraya, məhəlləyə və cadəyə verilmiş, bu məkan İstanbulun simvolik yerlərindən birinə çevrilib

Yerebatan Sarnıcı düzbucaqlı planla tikilmiş, 9 metr hündürlüyə malik nəhəng bir tikilidir. Ümumi sahəsi 9.800 m², su tutumu isə təxminən 100 min ton təşkil edir. Sarnıcın tavanını 336 sütun daşıyır. Bu sütunlar 28 sıra (şərq–qərb istiqamətində) və 12 sütun (şimali–cənub istiqamətində) boyunca yerləşdirilib. Sütunların bir qismi qədim tikililərdən gətirilmiş devşirmə materiallardır. Onların içində Korinf üslublu başlıqlar və xüsusi olaraq hazırlanmış 98 sütun da vardır.

Sarnıcın ən diqqətçəkən xüsusiyyətlərindən biri iki Medusa başıdır. Onlardan biri tərsinə, digəri isə yan vəziyyətdə sütunların altına yerləşdirilib. Bu başların mənşəyi və yerləşdirilmə səbəbi barədə bir neçə fərziyyə mövcuddur:

Mistik qoruma – Medusanın daşlaşdırıcı baxışlarının sarnıcı qoruyacağına inanılırdı, ona görə də başlar xüsusi formada yerləşdirilmiş ola bilər.

Materialların yenidən istifadəsi – Bizans memarlarının antik tikililərdən materiallar gətirib burada istifadə etdikləri ehtimal olunur.

Xristianlıq simvolizmi – Pagan inanclarının gücsüzləşdirilməsi və Xristianlığın qələbəsini ifadə edən bir jest kimi də izah olunur.

Bu heykəllər sarnıca həm mistik, həm də mədəni dərinlik qataraq, onun turistik cazibəsini artırır.

Hazırda Yerebatan Sarnıcı muzey və mədəniyyət tədbirləri məkanı kimi fəaliyyət göstərir.
Sarnıc dünya mədəniyyətində də diqqət çəkib. Dan Brown-un məşhur “Cəhənnəm” romanında hadisələrin bir hissəsi məhz burada cərəyan edir. 2016-cı ildə çəkilən eyni adlı filmdə isə tarixi abidəyə zərər verməmək üçün Yerebatan Sarnıcının bənzəri Budapeştdə qurulmuş film dekorasiyasında çəkilişlər aparılmışdı.

Yerebatan Sarnıcı yalnız qədim Bizans mühəndisliyinin şah əsərlərindən biri deyil, həm də İstanbulun mədəni və tarixi kimliyini formalaşdıran unikal bir abidədir. Onun memarlığı, Medusa heykəlləri ətrafındakı miflər və müasir dövrdəki funksiyası bu tikilini həm elmi araşdırmalar, həm də turizm baxımından son dərəcə əhəmiyyətli edir.

Biz bu tarixi məkana ziyarət etməklə min illərin gizlinlərini özündə əks etdirən elemntlərlə tanış olduq. Bura min illər öncə insan övladının xüsusi bir imkanlarla inşa etdirdiyi, bəzən isə xəyali olaraq hansısa varlıqların yaratdığı bir məkandır. Bəzən Yerbatan sarayını gəzərkən insan əlinin qüdrətinə də heyran olursan. Tarixlə baş-başa qalmaq, elə xəyali olaraq tarixin bir parçası olmaq istəyirsinizsə , bu qədim sarayı ziyarət edin.

Qoşqar Salmanlı

İstanbul

Chosen
7
5
adalet.az

6Sources