EN

Putindən qorxulu gediş: dünya üçün kritik sınaq başladı 2 ölkə hədəfdə

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Baltik dənizi üzərində gərginlik artır. Belə ki, həm Estoniya, həm də Polşa Rusiya hərbi təyyarələrinin hava məkanını və təhlükəsizlik zonalarını pozduğunu açıqlayıb. Məlumata görə, Rusiyaya məxsus MiQ-31 qırıcıları Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına icazəsiz daxil olub və təxminən 12 dəqiqə qalıb. Təyyarələr transponderləri söndürərək Estoniya aviadispetçerləri ilə radio əlaqəsi qurmayıblar. Paralel olaraq, Polşa sərhəd xidməti də Rusiyanın iki hərbi təyyarəsinin Baltik dənizindəki “Petrobaltik” qazma platformasının təhlükəsizlik zonasında aşağı hündürlükdə uçduğunu və bununla da kritik infrastrukturun təhlükəsizliyini pozduğunu bəyan edib.

Ekspertlər düşünürlər ki, Rusiya Prezidenti Vladimir Putin hazırda NATO-nun 5-ci maddəsini test edir. Şimali Atlantika Alyansının qeyd edilən əsas prinsipində deyilir ki, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücumdur.

Rusiyanın bu addımlarının əsas məqsədi nədir? Bu vəziyyət NATO daxilində hansı addımlara səbəb ola bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Moskva bu yolla psixoloji təsir siyasətini davam etdirir:

“Rusiya daim qonşu ölkələr üzərində təsir imkanlarını qorumaq və genişləndirmək üçün bu cür təxribat xarakterli addımlar atır. Estoniya və Polşanın hava məkanının pozulması da bu siyasətin bir hissəsidir. Kreml əslində NATO-ya mesaj göndərir: “mənim təsir dairəm sizin üzvlərinizi də əhatə edə bilər”. Burada məsuliyyət yalnız Rusiyanın deyil, qismən NATO-nun da üzərinə düşür. Ukrayna müharibəsindən sonra Kreml daha da cəsarətlənib və sərhədlərində yerləşən ölkələri açıq şəkildə təhdid etməyə başlayıb. Hələ Ukraynada istədiyinə tam nail ola bilməsə də, Moskva bu cür uçuşlarla həm daxili auditoriyaya güclü dövlət imici təqdim edir, həm də Qərbə meydan oxuyur. NATO isə əksər hallarda sərt tədbirlər əvəzinə, yalnız bəyanatlarla kifayətlənir. Bu da Moskvanın əlini bir qədər də gücləndirir”.

Cavanşir Abbaslı

Ekspertin fikrincə, hazırkı vəziyyət yeni genişmiqyaslı müharibənin başlanacağı anlamına gəlmir:

“Ukrayna nümunəsi göz önündədir. Son dövrlər tez-tez Rusiya-NATO toqquşmasından danışılır, amma yaxın perspektivdə bu ssenari real görünmür. Alyansın əsas gücü olan ABŞ bu riski qəbul etməyəcək. Buna görə də Rusiya digər ölkələri təhdid etməyə davam edəcək. Hazırda onu dayandıracaq real mexanizm yoxdur, mövcud qüvvələr isə daha çox məsuliyyəti üzərindən atmağa çalışır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
globalinfo.az

1Sources