EN

Xankəndidə fotosərgi açılışı - Fotolar

Mədəniyyət Nazirliyi və Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qarabağın zəngin tarixini və təbiətini əks etdirən “Qarabağ – obyektivdən tarixə” adlı fotosərginin açılışı keçirilib. 

News24.az xəbər verir ki, sərgi Xankəndi şəhərinin Konqres Mərkəzində baş tutub.

Sərginin əsas məqsədi, Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir. Tədbir həmçinin xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin rəmzi olaraq, bölgənin yenidən canlandığına dair bir mesajdır.

Sərgidə Fatali Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Səcəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və Alp Ar Tunqa Cabbarlı kimi tanınmış fotoqrafların əsərləri nümayiş olunub. 

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev də sərgi haqqında fikirlərini bölüşüb:

“Düşünürəm ki, ziyarətçilər üçün çox maraqlı bir sərgi olacaq. Bu gün Xankəndi şəhər günü qeyd olunur. Buna görə də Mədəniyyət  Nazirliyi çox geniş proqramla iştirak edir. Sərgi hər kəs üçün maraqlı olacaq. Bununla yanaşı digər tədbirlərimizin də nümayişi olacaq. İnanıram ki, bu ənənə davam edəcək”.

Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrin və müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edib.

"Qarabağ – obyektivdən tarixə" sərgisi ictimaiyyəti Qarabağın indiki həyatı və gələcək perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Qeyd edək ki, News24.az-ın fotoqrafı Teymur Məmmədovun fotosu sərgidə yer alıb. 



Chosen
146
6
news24.az

10Sources