EN

Adnan Əhmədzadə barəsində həbs qərarı verilib

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Aznews.az xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Yayılan məlumatlara görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, Azərbaycanın neft sənayesinin nüfuzuna və bazarın şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Hökumət bu kimi əməllərə yol vermiş A.Əhmədzadənin həbsi ilə yanaşı, Azərbaycaın beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.

Qeyd edək ki, Adnan Əhmədzadə uzun illər SOCAR-da rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb.

Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib edib. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizlənib, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirilib.

Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.

Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.

Chosen
34
50
aznews.az

10Sources