EN

“Bütün postsovet respublikaları ABŞ və Rusiyanın ortaya atdığı Paritet siyasətinin qurbanı ola bilərlər...”

“Polşaya dronlar uçması, Estoniyaya rus qırıcılarının soxulmasının başında da ABŞ dayanır...”
 
“Bilmək lazımdır ki, əvvəldən Ukrayna savaşı ilə, son günlər isə Polşaya dronlar uçması, Estoniyaya rus qırıcılarının soxulmasıyla bağlı baş verən bütün bu hadisələrin başında ABŞ dayanır. Bu günə qədər biz anlamaq istəmirik ki, ABŞ-ın geo-siyasi məqsədi Avropa İttifaqını  dağıtmaqdır, özü də Rusiyanın əliylə. İndiyə qədər çoxları başa düşmək istəmir ki, Boris Yeltsini hakimiyyətə gətirənlər ABŞ-ın Mərkəzi Kəşfiyyat idarəsinin analitikləri olublar. Sonra isə rahatca Kremldə oturub, Rusiyanı 1998-ci ilə qədər dağıdıblar. Ardınca da hakimiyyətə Putin gətirilib”. 
 
 
Bunu Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli “Artıq Rusiya qırıcıları Estoniya ərazisinə soxuldu və 12 dəqiqə orada qaldı. Bu, çox ciddi məsələdir. Sizcə, bu minvalla yaxın vaxtlarda Putin Estoniyaya da işğal məqsədilə hücum edə bilərmi?” sualını cavablandırarkən dilə gətirib.
 
 
“XX əsrin sonlarında Avropa İttifaqının(Aİ) yaranması və Rusiyanı öz  xammal bazasına çevirməsi, ABŞ-ın hərbi sənaye kompleksini(HSK) heçə endirməyə başladı. ABŞ analitikləri anladılar ki, Rusiyanın dağılması ABŞ-ın dağılmasına gətirib çıxacaq. Bu bir yana prezident Yeltsinin əyyaşlığı, axmaqlığı  ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini  vadar etdi ki, onu Putinlə əvəz etsinlər və onun əliylə ABŞ-ın ən  güclü rəqibinə çevrilməkdə olan Aİ-ni dağıtsınlar.  Bu saat Ukraynada cərəyan edən hadisə və proseslərin mahiyyəti də bu məqsədə bağlıdır. Əlqərəz, Ukrayna müharibəsinin məqsədi Aİ-nin dağıdılmasıdır. Biz  tezliklə bunu görəcəyik”,- deyə həmsöhbətimiz vurğulayıb. 
 
Analitik hesab edir ki, artıq Rusiya ilə ABŞ arasında İkinci Soyuq müharibə başlayıb, amma onların arasında “Paritet siyasət” deyilən bir siyasət aparılır:
 
“Dünyanın iki  düşərgəyə bölünməsi və onların qarşıdurması İkinci Soyuq müharibəyə gətirib çıxardacaq.  Bu nə deməkdir? Hər şeydən əvvəl  ən qüdrətli ABŞ-a qarşı duran düşərgə, əlbəttə ki, onun özünün istədiyi Rusiyanın da daxil olduğu düşərgə olacaq. Daha düzünü desək, bu, artıq olub və hər iki ölkə Paritet siyasətini həyata keçirir. Paritet siyasətinin mahiyyətini ilk dəfə Cingiz Aytımatov “Əsrə bərabər bir gün”  romanında açıb...
 
İndiyə qədər Avropanın qəzet və jurnalları  V. Putinin  Alyaskaya səfərinin mahiyyətini aça bilməyiblər, orada nə baş verdiyindən xəbərsizdirlər. Dünyanın iki liderinin Alyaskada görüşü Paritet siyasətinin ən açıq göstəricisi oldu. İki lider görüşdü və ayrıldı. Heç bir ciddi sazişə qol atmadılar. Təyyarədən düşdülər, eyni qırmızı xalçanın üstündə eyni məsafəni qət etdilər. Amma heç bir sənəd imzalamadılar. Və həmin görüşün mahiyyəti  “səninki səndə, mənimki məndə!” prinsipi oldu. Paritet  siyasətinin də mahiyyəti elə budur. Odur ki, Polşaya uçan dronlar da, Estoniya səmasına soxulan “MİQ”-lər də bu Paritet siyasətinin göstəriciləridir”. 
 
Siyasi şərhçinin fikrincə, həm ABŞ, həm də Rusiya Ukraynadakı savaşdan qazanc əldə etdiklərindən onun bitməsinə imkan vermirlər.
 
“Nəzərə alsaq ki, Rusiya öz HSK-nı bərpa edib və daha ciddi silahlarını Ukrayna poliqonunda nümayiş etdirir, tezliklə ABŞ-la bu sahədə də Pariteti bərpa edəcək. ABŞ müharibə etdikcə varlandığı kimi, Rusiya da bu siyasət oyununa girib. Müharibə etdikcə güclənir və xalqı bir yumruq kimi ətrafında birləşdirir. Bu minvalla Estoniyanın işğal edilə bilməsi ilə bağlı onu deyə bilərik ki, hələlik “MİQ”-lər reaksiyanı yoxlayır, o ölkəni almaq isə, ruslar üçün o qədər də  çətin iş deyil. 
 
Əgər Rusiya ayıdırsa, ayının belə vərdişi var, şikarını öldürür, ancaq yemir- iyləndirəndən sonra yeyir. Estoniya da antirus koalisiyasına qoşularsa, onu acınacaqlı vəziyyət, yəni “iylənmə” gözləyir.  Ukrayna poliqonu Aİ-ni də gücdən salıb ABŞ-ın satellitinə  çevirəcək, əks halda Aİ dağılacaq. Yalnız ondan sonra Ukraynada müharibə qurtaracaq. O da var ki, ABŞ-ın Rusiya ilə Paritet siyasətinə getməsi Üçüncü Dünya müharibəsinin qarşısını alır. Lakin Ukraynada hərbi əməliyyatlar bitməyincə bu təhlükə mövcuddur. Bunun qarşısını almaq üçün isə Trampın bir yolu var: Aİ-nı dağıtmaq və Ukraynada sülhü təmin etmək. Hələlik isə hər iki ölkə müharibədən qazanır...
 
Bəzi oxuculara elə gələ bilər ki, biz Rusiyanın tərəfini saxlayırıq. Məsələlərə obyektiv yanaşsaq, görərik ki, bütün postsovet respublikaların ABŞ və Rusiyanın ortaya atdığı Paritet siyasətinin qurbanları ola bilərlər. Həm də ona görə ki, hər iki dövlət üçün kütləvi insan qırğınları törətmək adi işdir”, - deyə siyasi analitik yekunlaşdırıb.
 
 
 
 
Chosen
19
1
moderator.az

2Sources