EN

Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb.

Bu azalma tendensiyası “ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir?

Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Qanunvericilikdə boşluqlar var

Uzman mama-ginekoloq Rəşad Sultan bildirir ki, rəqəmlərdəki azalma birbaşa mənfi tendensiya kimi qəbul edilməməlidir: “Burada əsas meyar süni mayalanmanın təbii hamiləliklərə olan nisbətidir. Əgər ölkədə ümumilikdə evliliklərin, hamiləliklərin və doğuşların sayı azalırsa, süni mayalanma halları da təbii olaraq azalacaq. Digər tərəfdən, ola bilər ki, həkimlərimiz təbii yolla müalicədə daha çox uğur əldə edirlər və bu səbəbdən xəstələr süni mayalanmaya müraciət etməyə ehtiyac duymurlar. Bu, müsbət tərəfdir. Amma mənfi tərəfi də var. Bəzən ehtiyacı olan xəstələr maddi imkanları olmadığı üçün bu proseduru həyata keçirməkdən imtina edirlər. Yəni göstəriş olduğu halda belə, maliyyə məhdudiyyəti insanları geri çəkir”.

Mütəxəssis Azərbaycanda süni mayalanma sahəsində ən böyük problemin “Reproduktiv sağlamlıq haqqında” qanunun hələ də qəbul olunmaması olduğunu vurğulayır: “Süni mayalanma nəticəsində bir insan dünyaya gəlir, lakin bu proseslə bağlı hüquqi tənzimləmə yoxdur. Bu, həm həkimlər, həm pasiyentlər, həm də cəmiyyət üçün ciddi problemlər yarada bilir.

Məsələn, donor məsələsi qanunvericiliklə tənzimlənmir. Əgər qanun qəbul olunsa, bu həm ictimai etimadı artırar, həm də gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alar. Qanun həkimlər üçün də müdafiə mexanizmi rolunu oynayar, çünki sabah məhkəməyə şahid kimi çağırılanda qanuni çərçivəyə istinad etmək mümkün olar. Ən vacibi isə qanun mühafizəkar yanaşmaların doğurduğu yanlış fikirləri də aradan qaldırar. İnsanlar bəzən elə düşünürlər ki, süni mayalanmada mütləq başqasının spermatozoidindən və ya yumurtasından istifadə edilir. Halbuki bu, yalnız xüsusi hallarda baş verir və bütün mərhələlər həkim nəzarətindədir”.

Qiymətlər 2500-4000 manat arasında dəyişir

Mütəxəssisin sözlərinə görə, qiymət məsələsi də ciddi problemdir. Hazırda Azərbaycanda heç bir əlavə prosedur olmadan süni mayalanmanın qiyməti, dərmanlar daxil olmaqla, 2500-4000 manat arasında dəyişir: “Əgər donor istifadə olunursa, müalicəyə əlavə olaraq 1500-2000 manat xərclənir. Daha yüksək texnoloji yanaşma tələb edən preimplantasion genetik diaqnostika tətbiq edildikdə isə bu xidmətin standart qiyməti 2000 dollardır”.

Rəşad Sultan deyir ki, bu rəqəmlər bazar tərəfindən müəyyənləşdirilir və hər klinika, həkim öz qiymət siyasətini formalaşdırır: “Qiymət xəstədən-xəstəyə dəyişir. Çünki hər bir pasiyentin diaqnostika və müalicə planı fərqlidir. Amma ortaq məqam odur ki, prosedur bahalıdır və bu da insanların qərarına birbaşa təsir göstərir”.

Chosen
14
publika.az

1Sources