Barəsində cinayət işi açılan Mədəniyyət Nazirliyinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoru Əziz Yaşar oğlu Qarayusifliyə hökm oxunub.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əziz Qarayusiflinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri üzrə təqsirləndirildiyi cinayət işinə məhkəmədə baxılıb.
Aparılan araşdırma zamanı sabiq direktorun ümumilikdə 43 030.60 manat məbləğində pulu qulluq mövqeyindən istifadə etməklə mənimsədiyi məlum olub. İstintaq dövründə o da məlum olub ki, dövlət büdcəsinə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib. Bu səbəbdən Mədəniyyət Nazirliyinin ona qarşı heç bir şikayət, tələb və iddiası olmayıb.
Məhkəmənin qərarı ilə Əziz Qarayusifli Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib. Təqsirləndirilən şəxs iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 4 000 manat məbləğində cərimə cəzası təyin edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.