EN

"AFFA-da rəhbər dəyişdi, amma "Qarabağ"a qarşı səssizlik davam edir" - MÜSAHİBƏ

"Qarabağ"ın uğurlarının Azərbaycan futboluna aidiyyatı yoxdur. Komandanın ÇL-ə düşməsi, orada "Benfika" kimi Avropa nəhəngini məğlub etməsi, davamlı Avropa səhnəsində olması Azərbaycan futbolunun çox üstündə olan bir möcüzədir. Həmin möcüzə isə azarkeşləri, futbol adamlarını aldatmalı deyil. Təəssüf ki, bir çox hallarda aldadır. Bizim reallığımız milli komandaların bugünüdür. Ən əsası isə aşağıdan gələn gənclərin hansı gündə olması... Millilərlə bağlı vəziyyət ortadadır, əlavə şərhə ehtiyac yoxdur. Portuqaliyada isə yaxın gələcəyimizin də nə qədər dumanlı olduğu ortaya çıxdı."Qarabağ"ın U-19 komandasına "Benfika"dan olan həmyaşıdlarının divan tutduğu (1:7) görüşlə. Əminəm ki, ikinci yarı avropalılar güzəşt etməsəydi, vəziyyət dəhşətli dərəcədə pis ola bilərdi. Bəli, belə hesablı məğlubiyyətlər dünya futbolunda az olmayıb. Adamı üzən isə nəticədən çox, bizim uşaqların meydandakı çox aşağı performansı idi. Meydan sahibləri sözün bütün mənalarında bizimkiləri əzdi, gəzərək qolları vurdu. Məhz bu uşaqlar yaxın gələcəkdə klublarımızın və milli komandalarımızın güvənəcəyi adlardır. Ağlamalı durumdur, həm də dərs çıxarmalı hadisə. Tək "Qarabağ" yox, bütün klubların rəhbərliyi və AFFA mənsubları bu matça dönə-dönə baxsın. Ki, ölkə futbolunun gələcəyinin nə qədər bataqlıqda, çirkablıqda olduğunu görsün. Bir sözlə, "Qarabağ"ın əsas komandasının fantastik qələbəsinə sevinməkdən çox, U-19 komandasının böyük hesablı məğlubiyyətinin ətrafında var-gəl etsək/birləşsək daha yaxşı olar.

Elə "Qarabağ"ın direktoru Emrah Çelikellə söhbətimizin əsas mövzusu da məhz həmin məğlubiyyət ətrafında oldu.

- Əsas komandanın "Benfika" üzərində qazandığı möhtəşəm zəfərdən çox danışılıb. Sizin bu barədə bizim saytımıza müsahibəniz də var. Məni isə parlaq qələbə fonunda U-19 komandasının həmyaşıdlarına 1:7 hesabla məğlub olması daha çox düşündürdü. Siz bu hadisəni necə qarşıladınız?

- Səfərə gedəndə belə gənclərin əsas komandanın nəticələrini ala bilməyəcəyi reallığını bilirdik. "Benfika" ilə görüşdən sonra Hava Limanına gələndə uşaqlarımızı boynu bükük, başı aşağı gördük. Prezidentimiz Tahir bəy ən azı yarım saat onlarla söhbət elədi. "Qarabağ"ın bu günə qədər keçdiyi yoldan danışdı. Bizim haralardan bu yerə gəldiyimizi onlara başa saldı. Uşaqlarımız meydanda əlindən gələni etdi. Yaşananlar bir səviyyə fərqi idi.

- Aradakı fərq çox böyükdür. Bu qədər geri qalmağımızın səbəbi nədir?

- 1:7 hesablı məğlubiyyət infrastruktur, şərait - hər baxımdan uduzmağımız idi. Aradakı fərqi yaradan ən böyük səbəblər bunlardır. Bizim akademiyamız yoxdur. Uşaqları saxlaya biləcək şəraitimiz yoxdur. "Benfika" Avropanın qabaqcıl akademiyalarından biridir. Yetirmələrini yüksək qiymətlərə satır. Hər kəs bilir ki, bu klubun yetirmələrinin şöhrəti bütün dünyaya yayılıb. Amma bizim elə bir imkanlarımız yoxdur. Təbii ki, biz də istərdik ki, əsas komanda kimi akademiya komandası da eyni nəticəni göstərsin. Bəlkə buna daha çox sevinərdim. Çünki onlar bizim gələcəyimizdir. 3-5 il sonra "Qarabağ"ı, Azərbaycan millisini təmsil edəcək uşaqlar orada çıxış edir. Amma baxaq görək biz hansı şəraitdə onların yetişdirilməsi üçün mücadilə aparırıq? Hansı meydançalarda oynayırıq? Ümumiyyətlə, meydançalar varmı? Bizim meydançamız yoxdur. Akademiyanın bir hissəsi Tofiq Bəhramov adına Respublika stadionunda məskunlaşıb, digər yarısı Sərhədçi Olimpiya mərkəzində yerləşir. Və bütün meydançalar süni örtükdür. Bu cür meydançaların uşaqların sağlamlığına vurduğu zərərdən danışmağa ehtiyac yoxdur. Gələcəyin zədəli futbolçularını yetişdiririk. Bizim reallığımız budur. Nə qədər akademiyalarımıza diqqət etsək, yaxşı meydançalarımız olsa gələcəyə o qədər ümidlə baxa bilərik. Uşaqlar əsas komandaya gələnə kimi təbii örtük nə olduğunu bilmirlər. Betonun üzərində çıxış edirlər. Süni örtüklü meydançaların vəziyyəti hamımıza məlumdur.

- İnfrastruktur məsələsi həllini tapsa, aradakı uçurumun qapanacağına inanırsız?

- Biz infrastruktur məsələsində Avropa klublarına uduzmasaq və arada yenə uçurum olsa, o zaman digər məsələlərə baxarıq. İlk öncə nfrastruktur olmalıdır, ondan sonra digər problemləri axtararıq. Baxarıq ki, bizim başqa nələrimiz çatmır. Düşünün ki, yola çıxmaq istəyirik, maşınımız var, amma təkərlərimiz yoxdur. Bu təkərlər olmalıdır ki, ondan sonra biləsən maşın gedir, yoxsa getmir. Maşında nə problemin olduğunu ondan sonra biləcəksən.

- Son 2-3 ildə atılan addımlar "Qarabağ" rəhbərliyinin akademiya ilə bağlı ciddi hədəfləri olmasını göstərir. Yeni təyinatlardan sonra irəliləyiş sizi qane edir?

- 2 il öncə Nail Kərimov və Aftandil Hacıyev kimi mütəxəssisləri akademiyamıza gətirdik. İl ərzində 10 komandamızdan 7-8-ni xaricə turnirlərə göndəririk. Uşaqlar orada təbii örtüklü meydançada oynayırlar. Milli komandalara verdiyimiz oyunçuların sayı günü-gündən artır. Aftandil Hacıyevin böyük əziyyəti var. Nail müəllimin də bu sahədə böyük təcrübəsi var. Bu təcrübəni komandalarımıza keçirməyə çalışır. Amma bizim evimiz - bazamız yoxdur. Ona görə bunu davamlılıq halına gətirməkdə gücsüzük.

- İnfrastruktur problemi davam edir. Özünüz də bunun qurulmasının vacib olduğunu dediniz. Bəs bu istiqamətdə vəziyyət necədir?

- Səssizlik davam edir. Hər hansı yenilik yoxdur.

- Belə vəziyyət nə vaxta kimi davam edəcək?

- Bu sualın cavabında onu deyim ki, 2017-ci ildə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazananda Cənab Prezident İlham Əliyev bizi qəbul etmişdi. Görüşdə keçmiş AFFA prezidenti Rövnəq Abdullayev də iştirak edirdi. O zaman göstəriş verildi ki, Suraxanıda "Qarabağ"a istədiyi şərait yaradılsın. Arxada qalan bu qədər müddətdə heç bir dəyişiklik yoxdur. Niyyətimiz Azərbaycan futboluna xidmət etmək, Azərbaycan gənclərinə dəstək göstərməkdir. Öz akademiyamızdan öz uşaqlarımızı yetişdirmək istəyirik. Ən uyğun gələn yer bizim Suraxanıdakı bazamıza bitişik olan və hazırda boş qalan, heç bir fəaliyyət göstərməyən ərazidir. Orada öz akademiyamızı qurmaq istəyirik. "Qarabağ" bunu öz hesabına etmək istəyir. Klubun prezidenti Tahir Gözəl öz hesabına bunu etmək istəyir. Ancaq bu ərazi ilə bağlı biz heç bir cavab ala bilmirik. Nə yox cavabı var, nə də hə. Əvəzində bizə qarşı bir səssizlik var.

- Haqqında bəhs etdiyiniz ərazidə akademiya inşa etməyi niyə bu qədər çox istəyirsiniz? Bura alınmırsa, bəlkə alternativ yollara baş vurasınız?

- Bu gün Bakıda bizim akademiya qurmağımız üçün boş sahə yoxdur. Bazamızın burada olması böyük üstünlük olacaq. Qurban müəllimin otağından baxanda həmin ərazi görünür. Özümüzə aid Binədə ərazi var. Rəhmətlik Abdolbari Gözəl bizə yer ayırmışdı. Həmin yerə biz baxış keçirdik. Orada elə bir külək vardı ki... Futbol salon idman növü deyil, açıq havada oynanılır. Binədə külək nəinki top oynamağa, hətta ayaqda durmağa belə imkan vermir. Bundan başqa bizə yaxın olan bir yer yoxdur. Ən əsası da yanımız boşdur. Zamanında ən yüksək səviyyədə tapşırıq da verilib. AFFA-da rəhbərlik dəyişdi, amma bura ilə bağlı yenilik yenə olmadı. Hansı ki, bunu gözləyirik. Biz bunu özümüz üçün yox, Azərbaycan futbolu, azərbaycanlı balalarımız üçün istəyirik.

- Haqqında bəhs etdiyiniz ərazi bilirik ki, SOCAR-ın balansındadır. SOCAR-ın prezidenti olan Rövşən Nəcəf isə həm də AFFA rəhbəridir. Maraqlıdır, onun federasiyaya gəlişindən sonra aranızda bu mövzuda təmaslar olub?

- Rövşən müəllim prezident seçiləndən qısa müddət sonra bizi ziyarət etdi. Biz ona reallığı danışdıq. Rövşən müəllim burada olanda ərazini ona da göstərdik. Ehtiyacımız olduğunu və ərazinin rəhbərlik etdiyi SOCAR-ın balansında olmasını da bildirdik. Tədbir görəcəyini və məlumat verəcəyini dedi. Amma bu günə qədər bir cavab yoxdur. "Qarabağ"ın tək məqsədi bu akademiyanı Azərbaycan futboluna hədiyyə etməkdir.

- Bu gün klublarımız büdcəsinin böyük qismini əsas komandaya xərcləyir. Tək məqsəd isə avrokuboklarda uğurlu olmaqdır. Onu da bacarmırlar. Bunun fonunda "Qarabağ"ın əsas komandası ölkədə ən uğurlu olan klubdur. Əslində belədə akademiyanı arxa plana ata bilərsiniz, amma "Qarabağ" olaraq əksini etməkdə maraqlısınız. Qəribəsi odur ki, bu yolda AFFA-dan sizə lazım olan dəstək gəlmir. Normal şərtlərdə elə federasiya bu işdə maraqlı olmalıdır. Lazım gəlsə hətta Azərbaycan futbolunun gələcəyi naminə qapınıza gəlməli, işə başlamağı xahiş etməlidilər. Əksinə, federasiyanın bu şəkildə səssiz qalması sizə təəccüblü gəlmir?

- Əlbəttə, gəlir. Biz illərdi bunun cavabını tapmamışıq. Bizə də maraqlıdır ki, Tahir bəy illərdi bu istəyini dilə gətirir, amma bir cavab yoxdur. Bir də əgər görsək ki, yanımızdakı boş ərazidə hər hansı iş aparılır, əlbəttə buna hörmətlə yanaşarıq. Heç bu barədə danışmarıq, təklif belə etmərik. Özümüzə ayrı bir yer axtararıq ki, harada bu işi görə bilərik? Amma bir halda ki, zamanında Cənab Prezident "gedin orada tikin, qurun" tapşırığı verib. Amma arxada qalan bu illər ərzində biz heç nə edə bilmirik. Amma etmək istəyirik. Klub prezidentimiz çox istəklidir. Hər zaman bildiririk ki, akademiyanın bazası olmadıqca biz tam bir klub deyilik.

- Sanki yanınızda olan boş ərazinin sizə verilməməsindən çox, orada hər hansı işin aparılmamasının yaratdığı mənzərə sizi daha çox incitdiyi hiss olunur...

- 100%. Çünki bu bizim əskikliyimizdir. Biz bu gün fəxr edirik. Avropa nəhəngini 0:2 geridən gəlib udmuşuq. Əlbəttə, bunu çox şişirtmək lazım deyil. Son nöqtə bu olmalı deyil. Amma əldə olunan uğurlar həm də "Azərsun Arena" və ətrafındakı meydançanın olmasının nəticəsidir. Eləcə də 1:7 uduzmamağın arxasında akademiya üçün ən azı əsas komandanın sahib olduğu bazanın olmamasıdır. Digər səbəblər də yox deyil. Ancaq ən başlıcası şəraitimizin yoxluğudur. 1:7 hesabı akademiyamızın reallığıdır. Deməli, bunu daha çox diqqətə almaq lazımdır. Düz qeyd etdiniz ki, biz əsas komandanın qələbəsini yox, 1:7 hesablı məğlubiyyəti daha çox diqqətdə saxlamalıyıq. Daha çox düşünmək lazımdır ki, aradakı bu cür fərqi necə qapatmaq olar? 3 il sonra hansı gənclərimizi oynadacağıq? Betonun üstündə məşq edən? Süni örtük dediyimiz meydanın vəziyyəti budur. Əlbəttə, AFFA-nın marağında olmalıdır. Biz hazırıq. Klub prezidentimiz dəfələrlə bu işə lazım olan büdcəni ayırmağa hazır olduğunu bildirib. Sadəcə gözləyirik.

- Akademiya komandaları qeyd etdiyiniz kimi son illər davamlı ölkə xaricində turnirlərdə olur. Nəzərə alaq ki, bir çox hallarda Avropa ölkələrinə səfərlər təşkil olunur. Heç nə də az xərc çəkilmədiyi dəqiqdir. İşin başına gətirilən təcrübəli simalara normal maaşlar ödənir. Amma bunun fonunda ən önəmli nöqtə olan bazalaşma gecikir. Natamamlıq sizi digər atılan addımlardan əlinizi soyuda bilərmi?

- "Qarabağ" komandasının ruhuna inanırıq. Daxilimizdəki gücə, bərabərliyə inanırıq. Bu gün həmin gücün nəticələrini görürük. Əsas komandanın çatışmazlığı yoxdur. Baza daxilində bütün işlərimizi görürük. Amma akademiya üçün təəssüf ki, eyni sözü demək mümkün deyil. Gedib yerində də görə bilərsiniz. Tofiq Bəhramov adına Respublika stadionunda və "Sərhədçi"də hansı şəraitdə məşq edirlər. Əlimizdə olanın ən yaxşısına çalışırıq. Gözləntimiz bazanın qısa müddətdə inşasıdır. Bu bizim gənclərin gələcəyi üçün önəmlidir. Ümid edirəm ki, tez bir zamanda bu məsələ ilə bağlı müsbət cavab ala biləcəyik.

- 1:7 məğlubiyyətinə mətbuat səssiz qalmadı. Görünən odur ki, klub da narahatdır. Ola bilərmi bəlkə bundan sonra AFFA da hərəkətə keçər?

- Cənab Prezident İlham Əliyev qısa müddətdə iki dəfə "Qarabağ"ı təbrik etdi. Onun təbriki bizim üçün çox böyük məsuliyyətdir, çox böyük motivasiyadır. Bilirik ki, Azərbaycanı uğurla təmsil edən hər bir sahəyə həssas yanaşır. Bunu yaşayır, görürük. Bizim üçün fəxrdir. Ona görə də daha böyük işlər görmək istəyirik. Edilən təbriklərə, göstərilən sevgiyə layiq olmaq istəyirik. Bunu etmək üçün xidmət göstərməyə çalışırıq. Bu yolda lazımı şəraitin yaradılmasını gözləyirik. Ki, 1:7 məğlubiyyətlər çox olmasın, daha da üzücü nəticələr olmasın. 3:2 hamımızı sevindirdiyi kimi, 1:7 məğlubiyyət də hamımızı düşündürməlidir. Futbola cavabdeh olan şəxslərin diqqətində mütləq olmalıdır. Əl-ələ verib nəyi düzəldə bilərik, necə düzəldə bilərik sualları ətrafında fikirləşməliyik. Bizim istədiyimiz ərazidi. Orada hər hansı obyekt deyil, futbol stadionları inşa etmək istəyirik. Akademiyamız üçün baza qurmağı hədəfləyirik. Bunun ərsəyə gəlməsi üçün birlik, bərabərlik göstərməyimiz lazımdır.

- Bu istiqamətdə növbəti dəfə AFFA-ya müraciət etməyi, kömək istəməyi planlaşdırırsınız?

- Bu gün Azərbaycan Premyer Liqasında legioner limiti yoxdur. Deməli, heç bir klubun uşaq futbolunda maraqlı olması üçün bir səbəb qalmayıb. Və belə anda biz akademiya üçün baza tikmək istəyimizi açıq-aşkar deyirik. Lazım olan investisiyanı yatırmağa hazırıq. Məncə, bu istəyimizə diqqət yetirilməlidir.

XANOĞLAN İMANOV

Chosen
18
sportinfo.az

1Sources