EN

Azərbaycan poçtunun tarixi yolçuluğu - karvan yollarından elektron məktuba

Bakı, 20 sentyabr, Vüsal Nəbiyev, AZƏRTAC

Əgər “sehrli xalat” indi olsaydı və XIX əsrin Novruzəlisinə Vəli xan XXI əsrdə desəydi ki, “Bu saat apar bu kağızı nəçərnik divanxanasının qabağındakı poçt qutusuna sal, qapağını yatırt və tez qayıt gəl!”, Novruzəli düşünmədən - “Başına dolanım, xan, artıq “Azərpoçt”un (“Azərekspresspoçt”) nəinki məktubu qapıdan ünvana çatdırmaq, İrəvan yox ey, lap Əmrikadan gələn bağlamaları “PostCargo” ilə bura gətirmək imkanı var”, cavabını verərdi.

Bəli, latınca “positus” sözündən yaranan “poçt” sözü məktub və bağlamaların çatdırılması sistemi mənasında işlənməyə başlayandan əsrlər boyu Avropa dillərinə keçərək, daha sonra rus dili vasitəsilə bizim dilə daxil oldu. Azərbaycan poçtu da müxtəlif tarixi mərhələləri keçərək “Azərpoçt” kimi həm ənənəvi, həm də rəqəmsal xidmətləri birləşdirən milli operator funksiyasını yerinə yetirməyə başladı.

Əgər məktublar olmasaydı, bəlkə də tariximizi bu qədər aydın görə bilməzdik. Poçt insan yaddaşının və ünsiyyətinin canlı şahididir. Məktub və göndəriş anlamına gələn “poçt” anlayışı artıq xidmət və sistem əsaslı funksionallıqla daha böyük məna ifadə edir. Bu anlayış hər ötən dövr üzərinə yeni xidməti əlavə etməklə əhatə dairəsini və əhəmiyyətini artırıb. Belə ki, qədimdə ənənəvi poçtun işi məktub, fərman, dövlət sənədləri, müqavilələr, orta əsrlərdə qəzet və bağlamaları piyada və ya atlılarla çatdırmaq idisə, zamanla bu xidmət təkcə məktub və digər daşıma vasitələri deyil, həm də dövlət idarəçiliyinin, ticarətin və maarifin əsas rabitə aləti oldu. Karvan yollarında at belində daşınan fərmanlardan bu gün cibimizə saniyələr içində gələn elektron məktublara qədər poçtun tarixi, insanlığın ünsiyyət tarixinin özüdür.

Poçtun inkişafının əsas mərhələsi XIX əsrə bağlıdır. Belə ki, bu əsrdən poçt markaları tətbiq olundu və bu, ödənişin rəsmi sübutuna çevrildi. Lakin poçt markası sadəcə ödəniş vasitəsi deyildi, həm də poçt sistemində inqilabi dəyişiklik idi. O vaxtdan başlayaraq markalar həm rəsmi ödəniş sənədi, həm də ölkələrin mədəniyyətini və tarixini əks etdirən kiçik sənət nümunələri kimi qəbul olunmağa başladı. İngiltərədən başlayan bu ənənə bölgələrə, insanlara görə transformasiyaya məruz qalaraq daha çox arzunun reallaşması üçün püxtələşirdi. Təbii ki, buna iqtisadi, sosial, texnoloji və hüquqi amillər də təsir edirdi.

Transformasiya necə oldu?

Poçtlara, poçt xidmətlərinə tələbat artdıqca onların sayının artırılması vacib olurdu. Bu isə özü ilə bərabər əlavə xərclər gətirirdi. Əlavə xərclərə kağızdan istifadə hallarının artmasından tutmuş, kuryerlərin sayının artırılmasına kimi - ənənəvi poçt xidmətlərinin saxlanması və çatdırılması daxil idi. Elektron rabitə vasitələrinin ortaya çıxması ilə yuxarıda sadalanan xərclər daha ucuz və operativ olmağa başladı. Rəqəmsallaşma isə optimallaşma və sürətlə yanaşı, poçt xidmətini daha asan və əlçatan etdi. Lakin internetin kəşfi ilə rəqəmsal mühit insanların ünsiyyət vərdişlərini də dəyişirdi. Artıq yeni nəslin ənənəvi məktubdan çox onlayn ünsiyyətə üstünlük verməsi, əhalinin həyat tərzində sürət amilinin və rahatlıq tələblərinin artması, urbanizasiya poçtların transformasiyasını qaçılmaz edirdi. Sosial dəyişikliklər qlobal bazarın tələbini də dəyişirdi. Qlobal bazar isə bağlama və çatdırılma xidmətlərinin artmasını tələb edir, onlayn alış-veriş ənənəvi məktub poçtlarının sayını azaldırdı. Beləliklə, poçtlar müştəriyönümlü - çatdırılmanın izlənməsi, qapıya təhvil, sürətli çatdırılma və s. yeni xidmətləri istifadəyə verməyə başladı. Bu isə özündə ənənəvi poçtu yalnız məktub daşıma modelindən çıxararaq qlobal logistika, e-ticarət və maliyyə xidmətlərinin güclü platformasına çevrilə bildi. Yeni dövr, həmçinin dəmiryolu və hava poçtunun yaranmasını da tətiklədi.

Doğrudur, XXI əsrdə internetin və elektron ünsiyyət vasitələrinin yayılması məktublaşmanın ənənəvi formasını azaltdı. Artıq insanlar saniyələr içində e-mail, mesaj və sosial şəbəkələr vasitəsilə bir-biri ilə əlaqə qura bilir. Amma bu, poçtun əhəmiyyətini azaltmadı — əksinə, onun funksiyasını dəyişdirdi. Bu gün poçt daha çox bağlama daşımaları, kuryer xidməti, maliyyə xidmətləri və rəqəmsal həllər sahəsində mühüm rol oynayır. Elektron ticarətin sürətli inkişafı isə poçtu yenidən gündəmin mərkəzinə gətirib.

Transformasiya mərhələsində hər bir ölkənin poçt sistemi öz milli xüsusiyyətlərinə uyğun model seçdi. Belə ki, kimisi Yaponiyadakı kimi maliyyə xidmətlərinə yönəldi (məsələn, “Japan Post” – poçt xidmətinə bank və sığorta xidmətlərini inteqrasiya etməklə dünyanın ən böyük maliyyə institutlarından biri, hər poçt məntəqəsi isə maliyyə mərkəzi oldu), kimisi Almaniyadakı kimi ənənəvi poçtdan qlobal logistikaya keçid edərək dünyanın ən iri kuryer/çatdırılma şəbəkəsini qurdu (məsələn, alman poçtu “Deutsche Post” DHL ilə birləşərək ticarət bağlamalarının çatdırılması üzrə ən güclü şəbəkədir), kimisi isə rəqəmsal həllər təklif edərək regionda elektron ticarət logistikası üzrə lider mövqeyə sahib oldu (məsələn, Sinqapur poçtu “Singapore Post” onlayn izləmə sistemlərindəki nailiyyətləri ilə Asiyada e-ticarətində liderdir).

Azərbaycan poçtu, “Azərpoçt” və ya karvan yollarından elektron məktuba transformasiya

Azərbaycan coğrafi mövqeyinə görə qədimdən rabitə yollarının mərkəzində yerləşib. Böyük İpək Yolu vasitəsilə həm ticarət, həm də xəbərləşmə geniş yayılmış, xanlıqlar dövründə hökmdarların fərmanlarını çatdıran xüsusi kuryer dəstələri mövcud olmuş, XIX əsrdə Çar Rusiyası xanlıqları işğal etdikdən sonra rəsmi poçt idarələri yaradılmağa başlamışdı. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmış, ondan sonrakı dövrdə Bakı, Naxçıvan, Şuşa və Şamaxıda açılan poçt məntəqələri xəbərləşmənin yeni dövrünü başlatmışdı. 1868-ci ildə isə ilk poçt markaları buraxılmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi təsis olundu və 1919-cu ildə ilk milli poçt markaları (Azərbaycan bayrağı, dövlət atributları əks olunan) işıq üzü gördü. Lakin Cümhuriyyətin qısa ömrü bu inkişafı yarımçıq qoydu. Sovet dövründə bu poçt SSRİ sistemi ilə birləşdirildi, kəndlərə qədər çata bilən teleqraf və telefonla vahid rabitə şəbəkəsi formalaşdı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə poçt tamamilə yeni mərhələyə qədəm qoydu. Belə ki, 1992-ci ildə ilk milli markalar dövriyyəyə buraxıldı (dövlət rəmzləri, milli qəhrəmanlar, Qarabağ, flora-fauna, mədəniyyət və tarixi abidələr), 1997-ci ildə “Azərpoçt” İB, 2009-cu ildən “Azərpoçt” MMC yaradıldı.

Bu gün Azərbaycan poçtu yalnız məktubları deyil, həm də bank xidmətlərini, elektron ödənişləri və e-ticarət bağlamalarını özündə birləşdirir. “Azərpoçt” MMC dünyanın demək olar ki, bütün ölkələri ilə birbaşa və ya tranzit yolla beynəlxalq poçt mübadiləsinin həyata keçirilməsinə nail olub. Belə ki, şirkət hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir, beynəlxalq sifarişli poçt göndərişləri ilə bağlı dünyanın 126 ölkəsinin poçt operatoru ilə birgə əməliyyatlar həyata keçirir. “Azərpoçt” MMC 1998-ci ildən etibarən Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (sürətli poçt) Kooperativinin üzvü, ÜPİ Poçt Texnologiyaları Mərkəzinin məhsullarının aktiv istifadəçisidir. Belə ki, “Azərpoçt” MMC öz fəaliyyətində 2001-ci ildən “IPS.light” izləmə sistemini, 2005-ci ildən IFS/STEFI beynəlxalq pul köçürmələri sistemini, 2013-cü ildən Qlobal monitorinq sistemini, 2016-cı ildən “IPS.Post” yeni izləmə sistemini tətbiq etməklə, bu sistemlərin imkanlarından faydalanmaqdadır.

Bütün yuxarıda sadalananlar “Azərpoçt”a uyğun transformasiya modeli seçərək fəaliyyət istiqaməti qurmağa yardım edir. Belə ki, ucqar kəndlərdə bank filiallarının olmaması sakinlərin işini heç də çətinləşdirmir. “Azərpoçt” həm də maliyyə və ödəniş xidmətlərini genişləndirərək “bank” rolunu oynayır, hətta qeyri-iş günlərində belə fəaliyyət göstərərək insanların maliyyə əməliyyatları ilə bağlı qayğılarını aradan qaldırır.

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə poçt işinin təşkili istiqamətində işlər görən “Azərpoçt” öncə Hadrut və Cocuq Mərcanlıda, daha sonra Zəngilan rayonunun Ağalı kəndində, Xankəndi, Şuşa, Kəlbəcərdə poçt xidmətlərinin təşkilini həyata keçirib. “Azərpoçt” 35 poçt filialı və bütün ölkəni əhatə edən poçt şöbələri ilə fəaliyyət göstərsə də, digər ərazilərdə də poçt xidmətinin təşkili üçün işləri davam etdirir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyindən yararlanmaq üçün “Azəpoçt” bağlama və çatdırılma xidmətlərini gücləndirərək regionda tranzit-logistika mərkəzinə çevrilmək niyyətindədir. Həmçinin bununla qurum regional əməkdaşlıq istiqamətində inkişaf edərək, beynəlxalq tranzit poçt və bağlama daşımalarını inkişaf etdirməklə bölgədə əsas aktorlardan birinə çevrilir.

Rəqəmsallaşma

“Azərpoçt”un son illərdə müştərilərə təklif etdiyi rəqəmsal həllər isə onların işini xeyli rahatlaşdırıb. Rəqəmsallaşmanı prioritet istiqamət seçən şirkət poçt xidmətlərinin daha asan olması üçün “Azəpoçt” mobil tətbiqini istifadəyə verib. “AzPost Mobile” tətbiqi vasitəsilə müştəriyə məxsus kartlar haqqında bütün məlumatlar, əməliyyatlar və çıxarışların izlənilməsi mümkün olduğu kimi, kartdan karta pulköçürmə, həmçinin bir sıra ödənişlərin (kommunal, büdcə, rabitə, kredit, təhsil, sığorta, internet və s.) icra edilməsi mümkündür. “Azərpoçt”un “Göndərişlərin izlənməsi” xidməti isə dünyanın istənilən nöqtəsindən göndərilən bağlamanın kodunu daxil etməklə müştərilərinə elektron şəkildə öz yüklərini izləməyə imkan verir. Beləliklə, “Azərpoçtun” rəqəmsallaşma istiqaməti Azərbaycanda poçt xidmətlərinin mobil tətbiq və elektron izləmə ilə tam rəqəmsallaşdırılmasını əhatə edib.

Atılan addımlar və görüləcək işlər transformasiya dövrünün nəticəsi kimi “Azərpoçt”a dünya təcrübəsini bir arada toplayaraq hibrid yanaşmanı tətbiq etməyə sövq edir. Bununla, şirkət Almaniyadakı kimi güclü logistika şəbəkəsi qurmağa, Yaponiyadakı kimi maliyyə xidmətlərini özündə birləşdirməyə, Sinqapurdakı kimi rəqəmsal platforma yaratmağa nail olub. Beləliklə, “Azərpoçt” rəqəmsal-maliyyə-logistika fəaliyyətini həyata keçirərək Azərbaycan üçün uyğun transformasiya modeli seçib.

Poçt sahəsində görülən işlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna da təsirsiz ötüşmədi. Belə ki, ölkəmiz Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçildi. Eyni anda hər iki ali orqana üzvlük hüququ qazanmaq Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir. Bu üzvlük sadəcə nüfuzlu bir status deyil, Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

“Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

 

Chosen
21
1
azertag.az

2Sources