EN

Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə

Xəbər verdiyimiz kimi, Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq olunacaq. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2026-cı il yanvarın 1-dən prosesə başlamalı və 2028-ci il yanvarın 1-nə qədər başa çatdırmalıdır.

Fərmana əsasən, bu, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutur.

Sözügedən nəqliyyatı xidməti necə tətbiq edilə bilər? Nələr gözlənilir?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, burada əsas prioritet ictimai nəqliyyatın fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasıdır.

Ekspert son dövrlər bəzi daşıyıcı şirkətlərin qoyulan qaydalara əməl etmədiyini bildirib:

“Səhər saatlarında xəttə gec çıxırlar, axşam isə, məsələn, gecə 12-yə qədər işləməli olduqları halda, artıq saat 22:00-22:30-da avtobuslar dayanır. Halbuki dövlət həmin daşıyıcılara məsafəyə görə subsidiya ödəyir ki, onlar müəyyən olunmuş qrafikə uyğun olaraq xidmət göstərsinlər. Sərnişin sayından asılı olmayaraq, istər 5 nəfər, istər 10, istərsə də 100 nəfər olsun daşıyıcıların öhdəliyi hər kəsi vaxtında və təhlükəsiz daşımaqdır. Bu mexanizm beynəlxalq təcrübədə “bruto kontrakt” adlanır və ictimai nəqliyyatın inkişafında əsas modellərdən biridir”.

elmeddin45

Elməddin Muradlı

Ekspert qeyd edib ki, hazırda bu subsidiyaların maliyyə mənbəyi əsasən avtomobil sahibləri və yanacaq istehlakçılarıdır:

“Yəni dövlət büdcəsindən birbaşa vəsait ayrılmır. Avtomobil sürücüləri pullu yollardan istifadə etdikdə ödədikləri vəsait xüsusi fonda toplanır və həmin fondan da avtobus daşıyıcı şirkətlərinə ödəniş edilir. Bundan əlavə, benzin və dizel yanacağından toplanan vergilər də həmin fonda yönləndirilir. Gələcəkdə dövlətin öz büdcəsindən də əlavə vəsait ayırması istisna deyil. Bu mexanizmin tətbiqi ilə daşıyıcı şirkətlər yeni avtobuslar ala biləcək, mövcud avtobus parkı yenilənəcək, köhnə və istifadəyə yararsız nəqliyyat vasitələri istismardan çıxarılacaq. Beləliklə, həm avtobusların sayı artacaq, həm də xidmət keyfiyyəti yüksələcək”.

E.Muradlı sonda onu da əlavə edib ki, bu addımlar ictimai nəqliyyatın inkişafına, sərnişinlərin rahat və təhlükəsiz daşınmasına real töhfə verəcək.

Chosen
12
2
turkustan.az

3Sources