EN

Bölgələrdə Suverenlik Günü şənlikləri

20 Sentyabr Suverenlik Günü ölkəmizin bütün bölgələrində rəngarəng tədbirlərlə qeyd edilib. Keçirilən təntənəli mərasimlərdə ötən ildən dövlət bayramları sırasında yer almış bu şərəfli günün xalqımızın çoxəsrlik arzularını, Qarabağda suverenliyimizin tam bərpası ilə konstitusiyalı quruluşun ölkənin hər yerində bərqərar olmasını təcəssüm etdirdiyi vurğulanıb.

Zaqatala

Zaqatalanın Heydər Əliyev Mərkəzində Konstitusiya və Suverenlik İli çərçivəsində 20 Sentyabr Dövlət Suverenliyi Günü münasibətilə “Suveren dövlətim qürur mənbəyimdir” mövzusunda toplantı keçirildi.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun, rayon rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə əvvəlcə Dövlət Suverenliyi Gününə həsr ounmuş film nümayiş etdirildi.

Sonra Zaqatala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov “Suveren dövlətim qürur mənbəyimdir” mövzusunda məruzə ilə çıxış etdi. O, 2020-ci il 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı Zəfərdən, 2023-cü il sentyabrın 19-20-də lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam təmin etməsindən söz açdı. Natiq bildirdi ki, Prezident İlham Əliyevin bütün bunları nəzərə alaraq 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalaması bu misilsiz tarixi nailiyyəti müstəqillik təqvimimizdə əbədiləşdirdi.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin yaratdığı möhtəşəm əsasların, Prezident İlham Əliyevin gerçəkləşdirdiyi müdrik və qətiyyətli siyasətin xalqımızı bu böyük qələbəyə yetirdiyini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam gerçəkləşdirdiyini vurğuladılar.

Tovuz

20 Sentyabr Dövlət Suverenliyi Günü münasibətilə Tovuz rayonunda da silsilə tədbirlər keçirildi. Tovuz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Suverenlik qürurumuzdur” mövzusunda toplantıda Qarabağ zəfəri və sonrakı antiterror tədbirlərində qazanılan qələbə ilə suverenliyimizin bütün ölkəmizi əhatə etməsi qürurla və ucadan səsləndi.

Dəyirmi masa formatında məclisdə davam edən mərasimdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ötən ildən ölkəmizdə Dövlət Suverenliyi Günü”nün qeyd edilməsinin ictimai-mədəni həyatımıza yeni bir təntənə gətirdiyini qeyd etdi. O qeyd etdi ki, Suverenlik Günü Azərbaycanın milli dövlətçiliyinin güclənməsinin, xalqın öz taleyinə qəti surətdə sahib çıxmasının rəmzinə çevrilib. Azərbaycan artıq öz suverenliyini kağız üzərində deyil, həyatın bütün sahələrində də təsdiqləmiş bir dövlətdir.

Dəyirmi masa rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz sektorunun müdiri Vasif Abdullayev, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüqar Əhmədov və Əsrik Cırdaxan kənd tam orta məktəbinin direktoru Tural İmanov suverenliyin hüquqi-siyasi əhəmiyyətindən danışdılar, onu xalqımızın milli kimliyinin təsdiqi və mənəvi irsi kimi də dəyərləndirdilər.

XQ

Chosen
12
1
xalqqazeti.az

2Sources