EN

"Başımda məğlub eşqim yol gedirəm..." - Qadınlığın müstəsna halı

Nurəngiz Gününşeirləri sadəcə ovqat məhsulu deyil. Geniş mütaliənin, aydın düşüncənin və real yaşantıların bəhrəsidir. Onun hər şeirinə dönə-dönə qayıdırsan və hər dəfə də yeni nüanslar tapırsan - sirayətedici, təsirli, bəzən də zəlzələ effekti yaradan nüanslar; obrazlı deyimlər, təptəzə, dipdiri mükalimələr... Özlüyündə elə təkcə adı bütöv bir şeir olan “Ayrılıqlar boyum biçimi” şeirində olduğu kimi:

Gecə yalqızlıq laylası deyir,

uyuyur qollarımda meh əsimi,

xatirə yelləyirəm beşik kimi,

kimsə yoxmuş, beşik bomboş,

kimsəsizlik yeyir içimi,

ayrıılıqlar boyum biçimi...

Nurəngiz Günün poeziyası ümumilikdə hərəkətedici və hərəkətverici poeziyadır. Hərəkətsizlik, sükunət Nurəngiz Gün yaradıcılığına yaddır. “Qaçıram” şeirində buna bir daha əmin oluruq - “Boş haylardan, haraylardan, təmtəraqlı otaqlardan, saraylardan, yersiz gülüşlərdən, saxta yaltaq öpüşlərdən, qazanc güdən, söz üyüdən görüşlərdən, əli baltalı qollardan, dolam - dolaşıq yollardan, boş küylərdən, kələklərdən” qaçış poeziyası açılır göz önündə.

Bu hərəkətlilik oxucunun hisslərini, duyğularını dahərəkətə gətirmək qüvvəsinə malikdir. Bu gediş və qaçış motivləri bizi dönə-dönə Nurəngiz Günün poeziyasına qaytarır.

Haqqında çoxlarının fikir bildirdiyi “Yol gedirəm” şeiri bu baxımdan ovsunu xatırladır. Oxucunu çəkir aparır və bir də baxırsan ki, bu şeirdəki kimi hərəkətdəsən, yoldasan artıq-Nurəngiz Günün bələdçilik etdiyi yolda. Bu şeir təkcə yazılma texnikasına görə deyil, həm də poetik və tematik baxımdan da elə mükəmməldi ki, haqqında nə qədər yazsan da şeirin özü qədər kamil olmaz, ola bilməz.

Amma oxuduqca insanın içində bir istək baş qaldırır özündən asılı olmayaraq: istəyirsən şeiri bir də öz oxucu qəlbindən keçirib müəllifin fikriylə öz duyğularının necə doğmalaşmasına, çulğaşmasına bir daha şahid olasan. “Yol gedirəm” Nurəngiz Günün həyat və yaradıcılıq kimliyidir, poetik pasportudur – desəm, yanılmaram yəqin. Hər şair ədəbiyyatda dillər əzbəri olan ən azı bir şeirə iddialıdır hər halda. Məncə, “Yol gedirəm” bu iddianın tam təminatçısı ola bilər:

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdəümid və qürur,

İçimdə ağlamaq ehtiyacı,

Yol gedirəm yorulanadək...

Bu nə yoldu ki, yolçusunu bu qədər yüklə getməyə vadar edir? Cavab birdi: həyat yolu. Bu şeir Nurəngiz Günün kəlmələrdən məharətlə çəkdiyi,ifadələrlə rənglədiyi, Salvador Dali sayaq rəmzlərlə işarələyib bəzədiyi mükəmməl söz tablosu... Dodaqdakı təbəssüm bağlı qapıları açacaq. Gözdə yox, məhz bəbəkdə ümid və qürur. Nə qədər dərində və gizlində. Bu ümidi və qüruru hər kəs görə bilməz ki bəbəyin içində- o dərinlikdə...O dərinliklərdən gələn bir ağlamaq ehtiyacı da var hələ üstəlik... Bu nə yorucu yol oldu belə? Ancaq bu da hələ yükün heç yarısı deyil ki...

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası.

Başımda məğlub eşqim

Yol gedirəm sinəm qaralanadək.

Başdakı məğlub eşqdən daha ağır bir yük varmı görəsən? Yaxud eşqin qalibi oldumu heç, eşq həmişə hansısa məğlubiyyətə, hansısa itkiyə aparmırmı sonda? Uduzduğumuz sevgi oyununda ruhumuzun ana laylasından başqa nə tutalqası ola bilər ki, təngnəfəslikdən sinəmiz qaralmasın, bu qaçaqaç, qovaqov dünyasında?..

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdi varım yoxum...

Yol gedirəm saplağından qırılanadək...

Ovucda sirr gizlənibsə,əllər yumruqlanıb demək, həm də ağır həyatın simgəsi olan qabarlı barmaqların sıxılmasından yumruqlanıb. Amma bu yumruqlardan heç kimə ziyan gəlməz, heç kimin başı üstünə qalxmaz bu yumruqlar. Çünki varı yoxu ürəkdən ibarət olanın kiminsə başı üstündə yumruq düyməyə ürəyi gəlməz...Beləsinin gücü yalnız öz saplağına çatar, vəssalam...

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz,

Qərib canla bu tək cana qürub çağı

Yol gedirəmöləziyib saralanadək...

Hələ bu yolun önündə aşılası silsilədağları, dizləri qanadası sərt qayaları, keçiləsi soyuq dənizləri varsa və həm də bu yolda elə kimsəsiz, elə qəribsənsə, bu yol öləzimiş, saralmış bir qüruba aparırsa... bu qədər də olmaz axı...Bunu daşımaq nə qədər ağır olmalıdır- fərqindəyik. Amma geriyə dönüş də yoxdu burda, "uzun, incə bir yol” qət edilməlidir...

Chosen
4
1
kulis.az

2Sources