Amerika Ürək Assosiasiyası ürək xəstəliyi və insult riskini azaltmaq üçün omeqa-3, lif və yağsız zülallarla zəngin qidaları pəhrizə daxil etməyi tövsiyə edib. Mütəxəssislərin sözlərinə görə, gündəlik rasion ürək sağlamlığına birbaşa təsir göstərir.
E-saglam.az xəbər verir ki, assosiasiyanın yeni təlimatlarında doymuş və trans yağların azaldılması, bitki əsaslı qidalara üstünlük verilməsi və sağlam bişirmə üsullarının seçilməsi xüsusi vurğulanır.
Doymuş yağların azaldılması
Qırmızı və işlənmiş ətlərin məhdudlaşdırılması, balıq, quş əti və bitki mənşəli zülallara üstünlük verilməsi məsləhət görülür. Yağsız ətlərin seçilməsi, qril və sobada bişirmə kimi üsulların tətbiqi tövsiyə olunur.
Omega-3 yağ turşuları
Somon və alabalıq kimi yağlı balıqlar ürək üçün ən faydalı məhsullar arasında yer alır. Onların tərkibindəki omeqa-3 iltihabı azaldır, koronar ürək xəstəliyi və insult riskini aşağı salır. Həftədə ən azı 225 qram balıq yemək tövsiyə edilir. Vegetarianlar üçün kətan toxumu, çia toxumu və yarpaqlı göyərtilər mühüm mənbədir.
Bitki əsaslı qidaların rolu
Mərcimək, lobya və göbələk kimi paxlalılar ət əvəzedicisi kimi istifadə oluna bilər. Tam taxıllar və liflə zəngin tərəvəzlər isə pis xolesterinin səviyyəsini azaldaraq ürəyi qoruyur.
Sağlam yağlar
Kərə yağı və digər doymuş yağların əvəzinə zeytun, kanola və günəbaxan yağlarından istifadə tövsiyə olunur. Tərəvəzlərin buxarda və ya az yağda bişirilməsi sağlam qidalanma üçün ideal hesab edilir.
Mütəxəssislər bildirirlər ki, ürək-damar xəstəlikləri təkcə Qərbdə deyil, inkişaf etməkdə olan ölkələrdə də əsas ölüm səbəbidir. Ona görə də ənənəvi qidalanma vərdişlərinin müasir elmi tövsiyələrlə uyğunlaşdırılması həyati əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc
E-saglam.az