EN

Köçkün məzar

1990-ların sonlarının qəbiristanlıqları...

Cüməaxşamları...

xatırlayırsınızmı,

Məzarlar ziyarət olunur,

məzarları gül-çiçək,

doğmaların ziyarəti bürüyürdü.

 

Qəbiristanlığın küncündəki məzar,

Başdaşı, sinə daşı yoxdu,

başdaşı yerinə adi bir daş qoyulub,

üstünü kol-kos basıb...
 

Bir məzar var,

onu ziyarət edən yoxdur,

o, qəribdir, tənhadır...
 

O məzar köçkün məzarıdır.

Öncə öz elindən, öz evindən, öz yerindən köçkün düşüb,

qərib olub.

Dünyasını dəyişəndən sonra qəbiristanlıqda qərib məzar olub,

köçkün məzar olub...

O vaxtlar mərhumiyyətlərdən qaçmaq,

uşağına çörək,

yaşlı valideynlərinə gecələmək yeri,

ailəsinə xoşbəxtlik tapmaq üçün adamlar başlarını götürüb gedirdilər,

gündə bir məkana üz tutrdular.

Ölülərini ziyarət edə bilmirdilər,

çünki özləri sağ ikən elə ölü kimi idilər.

Gücsüz, çaşqın, çarəsiz...

 


Bəli, o zaman öləndən sonra da köçkünlük köçkünün yaxasını buraxmırdı...

Dəhşətli, kədərli mənzərə idi.

Tənha məzar adamın köçkünlük yaddaşını yerindən oynadır,

adam o günləri bir də yaşayır.

Köçkünlük silinməz travmadır...

Köçkün...

İlk günlər çaşqın, həyat düzənini itirən adam,

hər şeyi bir göz qırpımında yox olan kəs.

Qohum, qonşu, el, oba, ev, iş-güc, heç biri yoxdu...

Onun üçün hər tərəf qara rəngdir.

Köçkünlük insan çarəsizliyidir.

Köçkünlük körpə uşağına çörək tapa bilməyən ata,

yaşlı valideynlərinin gecələməsinə yer tapa bilməyən övlad,

xoşbəxtliyini itirən ailədir.

O vaxt ac adam, paltarsız adam, evsiz adam idi köçkünün adı.

Çadırlar, tövlələr onlar üçün ən yaxşı sığınacaq idi.

Halbuki bir neçə gün öncə köçkünün süfrəsi,

ailəsinin gülüşü,

ocağının tüstüsü, evi vardı.

Köçkünlükdə günahkarcasına vücudunu dəyərsiz bir yük kimi daşıyıb.

O zaman qara xəbərlər daha çox idi.

Hər yerdən intihar səsi, ölüm qoxusu gəlirdi.

Amma ölümdən sonrakı həyat da bir dərd idi.

Köçkün məzarı köçkünlüyün şəkli, danışan dili idi.

Köçkün məzarı köçkünün ölümdən sonrakı həyatı idi.

Əzaba baxın, köçkünün dəfn edilməsinə tabut tapılmırdı.

Yorğanı cırıb ölü bədənə örtük edirdilər.

Dəfnlər də qərib idi.

Köçkünlər qəbiristanlıqda bir küncdə basdırılırdı.

Köçkün canını ölümlə də köçkünlükdən qurtara bilmirdi.
 

Bir məzar var

başdaşı, sinə daşı yoxdu,

başdaşı yerinə adi bir daş qoyulub,

üstünü kol-kos basıb...
 

Digər məzarları gül-çiçək,

doğmaların ziyarəti bürüyür.

bir məzar var

onu ziyarət edən yoxdu.

Bu məzar o məzardı.

Qəbiristanlığın bir küncündən qərib-qərib boylanırlar.

Onun daşına kimsə su tökməyib.

Onun üstündə gül bitməyib.

Onun yanında nəvələri ağlamayıb.

Və nə yazıq ki, köçkün məzar keçmiş məcburi köçkün ola bilmir...
 

O əbədi köçkündür.

Chosen
11
1
modern.az

2Sources