EN

Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib -ANALİZ

Tural İsmayılov: Bakı Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq imicinə ciddi töhfə verdi



Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu, Prezident İlham Əliyevin "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə öz əksini tapıb.

Dövlət başçısı bildirib ki, Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir:

"Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.
Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.
Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.
Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.
Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin mesajları və təbriki fonunda Bakı Təhlükəsizlik Konfransı həm regional, həm də qlobal baxımdan xüsusi çəkisi olan tədbirə çevrildi:

"Bu konfrans Azərbaycanın artıq təhlükəsizlik gündəliyinin formalaşmasında mərkəzi oyunçuya çevrildiyini göstərir. Prezidentin mesajları həm milli maraqların qorunmasına, həm də regional əməkdaşlığın dərinləşməsinə istiqamətlənmişdi. Bu, Azərbaycanın Cənubi Qafqazda lider rolunu daha da möhkəmləndirən bir yanaşmadır. Təbrik nitqində verilən ismarıclar Azərbaycanın suverenlik və müstəqillik prinsipində güzəştə getmədiyini bir daha nümayiş etdirdi. Bakı Təhlükəsizlik Konfransı əslində həm də Azərbaycanın diplomatik platforma kimi gücünü ortaya qoydu. Burada səslənən fikirlər yalnız lokal deyil, beynəlxalq təhlükəsizlik müstəvisində rezonans doğurdu. Prezidentin çıxışı Azərbaycanın yeni reallıqlar fonunda güc balansını düzgün oxuduğunu göstərir. Xüsusilə separatçılığın məhv edilməsi və ərazi bütövlüyünün bərpası ilə bağlı mesajlar həm daxili həmrəylik, həm də beynəlxalq legitimlik baxımından strateji idi. Bakı bu konfransla Qlobal Cənub, Avropa və Asiya gücləri arasında körpü rolunu bir daha təsdiqlədi. Təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi Azərbaycanın sülh və sabitlik təşəbbüslərinin davamlı olduğunu göstərir. Prezidentin vurğuladığı kimi, sülh yalnız güc və prinsipial mövqe əsasında təmin oluna bilər. Bu baxımdan konfrans Azərbaycanın siyasətində həm realist, həm də proqnozlaşdırıla bilən xəttin olduğunu ortaya qoydu".

Analitikin fikrincə, Bakı Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq imicinə ciddi töhfə verdi:

"Bu tədbir ölkəmizi sadəcə regional deyil, qlobal təhlükəsizlik debatlarının da ayrılmaz hissəsinə çevirdi. Prezidentin mesajları isə bu uğuru daha da möhkəmləndirdi. Nəticə etibarilə, Bakı Təhlükəsizlik Konfransı Azərbaycanın yeni geosiyasi reallıqlarda gücünü, mövqeyini və strateji əhəmiyyətini təsdiqləyən mühüm hadisə oldu".
Chosen
8
3
sherg.az

2Sources