Tovuzda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə News24.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
01:02
Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti aşkarlanıb.
Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.
Şübhəli Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.