Boccia ailəsinə 20 istedadlı, güclü iradəli uşaq və onların 20 valideyni qoşularaq mərkəzdə yaddaqalan gün yaşayıblar.
QHT.az xəbər verir ki, gün ərzində uşaqlara Boccia oyununun qaydaları izah olunub, interaktiv və maraqlı oyunlar keçirilib. Uşaqların diqqəti, hər uğurlu atışdan sonra üzlərində yaranan təbəssüm bu günün onlar üçün necə əlamətdar olduğunu göstərib.
Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov da mərkəzdə uşaqlarla görüşüb. O, iştirakçıları salamlayaraq motivasiya dolu çıxışı ilə uşaqlarda həm idmana sevgi, həm də gələcək uğurlara inam yaradıb.
Tədbirin sonunda iştirakçılar qeyd ediblər ki, Boccia yalnız bir idman növü deyil, eyni zamanda birlik, motivasiya və inam rəmzidir. Mərkəzə təşrif buyuran uşaqlar arasında gələcəyin paralimpiyaçılarının yetişəcəyinə ümid ifadə olunub.
Qeyd edək ki, bu fürsətin yaradılmasına görə Dinara xanıma xüsusi təşəkkür bildirilib.