EN

Azərbaycan dilində material qıtlığı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabir ETİBARLI

Azərbaycan dili haqqında qısa araşdırma apardıqda, onun qədim tarixi, zəngin leksikası və ifadə imkanlarının genişliyi ilə bağlı çoxsaylı məqalə və araşdırmalarla qarşılaşmaq mümkündür. Bu fikirlərin bir qismi reallığa əsaslansa da, digərləri sadəcə emosional və pafoslu yanaşmalardan ibarətdir.

Müqayisə üçün obyektiv meyar kimi dünyada ən geniş istifadə olunan platformalardan biri olan Vikipediyada müxtəlif dillərdə yazılmış məqalələrin sayına nəzər salmaq məqsədəuyğun olar. Bu platformada rus dilində 2 milyondan, fars dilində 1 milyondan,  türk dilində isə 640 mindən çox məqalə mövcuddur. Azərbaycan dilində yazılmış məqalələrin sayı isə 207 mindən bir az çoxdur. Bu nisbətə əsaslanaraq ehtimal etmək olar ki, digər internet platformalarında və məlumat bazalarında da göstəricilər təxminən buna bənzər şəkildədir.

Bəzi insanlar bu fərqi izah etmək üçün həmin dillərin (rus, fars, türk) tarixi imperiyalara məxsus olması və ya uzun müddət müstəqilliyini qoruyan xalqlara aid olması kimi arqumentlər irəli sürə bilərlər. Digərləri isə bu dillərdə danışanların sayının Azərbaycan dilində danışanlarla müqayisədə xeyli çox olduğunu əsas gətirərək bu fərqi təbii sayarlar. Bu arqumentlər müəyyən qədər əsaslı görünsə də, statistik göstəricilər bunun tam izahı olmadığını göstərir. Məsələn, erməni dilində yazılmış Vikipediya məqalələrinin sayı 322 mindən çoxdur. Halbuki erməni dilində danışanların ümumi sayı Azərbaycan dilində danışanlardan qat-qat azdır. Bu da göstərir ki, dil daşıyıcılarının sayı ilə həmin dildə yaradılan materialların miqdarı arasında birbaşa proporsional əlaqə yoxdur. Nəticə etibarilə Azərbaycan dili məqalə sayı baxımından yalnız gürcü dilini (184 min məqalə) üstələyir. Bu fakt bizi düşündürməli və Azərbaycan dilində rəqəmsal məzmunun artırılması istiqamətində daha ciddi addımlar atmağa vadar etməlidir.

Gəlin açıq danışaq, Azərbaycan dilində məzmun və materialların az olmasının əsas səbəblərindən biri insanların bu dilə qarşı biganə münasibətidir. Təəssüf ki, əsrlər boyunca Azərbaycan türkcəsi cəmiyyətin müəyyən təbəqələri tərəfindən "qara camaatın dili" kimi qəbul edilib. Tarixin müxtəlif dövrlərində Azərbaycanda fars, ərəb və rus dilləri "elita"nın dili sayılıb və bu dillərdə danışmaq, yazmaq və oxumaq üstünlük əlaməti hesab olunub. Özlərini sıravi insanlardan üstün sayanlar Azərbaycan türkcəsinə dəyər vermək əvəzinə, başqa dillərə meyl göstəriblər.

XIX əsrdən etibarən Azərbaycan ziyalıları bu yanaşmaya qarşı ciddi mübarizə aparıblar. Dildə, ədəbiyyatda və maarifçilik sahəsində böyük uğurlar əldə olunub. Lakin XXI əsrdə əldə olunan irəliləyişlərə baxmayaraq, vəziyyət hələ də istənilən səviyyədə deyil. Sadə bir müşahidə dediklərimizi sübut edə bilər: paytaxtda yerləşən iri kitab mağazalarına nəzər yetirdikdə, Azərbaycan dilində olan kitabların çox zaman ya kənarda, ya da kiçik rəflərdə yer aldığını, rus dilində kitabların isə daha geniş və görünən sahələrdə təqdim olunduğunu görmək mümkündür. Dövlət dilinin Azərbaycan dili olduğu bir ölkədə belə bir mənzərə, təbii olaraq, narahatlıq doğurur.

Şəxsən bir neçə dəfə şahid olmuşam ki, mağazada müştəri axtardığı kitabı rus və ya ingilis dillərində tapmadıqda və ona Azərbaycan dilində alternativ təklif ediləndə, o, üz-gözünü turşudaraq həmin kitabdan imtina edib. Bu yanaşma, təəssüf ki, cəmiyyətin bir hissəsində ana dilinə qarşı yaranmış psixoloji məsafəni göstərir.

Lakin ən ciddi və təhlükəli vəziyyət bunlarla bitmir. Son illərdə rus və ya ingilis sektorunda təhsil alan bəzi uşaqlarla söhbət zamanı onların Azərbaycan dilində ən sadə sözləri və ya cümlələri belə anlamadıqlarının şahidi olmuşam. Bu hal göstərir ki, bəzi valideynlər övladları üçün Azərbaycanda gələcək görmədiklərindən, onlara ana dilini öyrətməyə belə ehtiyac duymurlar. Bu yanaşma nəticəsində, Azərbaycanda doğulub böyüyən, lakin Azərbaycan dilini bilməyən, ölkə ilə emosional və mədəni bağ qurmaqda çətinlik çəkən bir nəsil formalaşa bilər.

Belə bir tendensiya nəinki ziyalıları, bütövlükdə cəmiyyəti ciddi şəkildə narahat etməlidir. Ana dilinə münasibət sadəcə dil seçimi deyil - bu, milli kimliyin, mənəvi bağlılığın və vətən sevgisinin göstəricisidir. Ana dilinə göstərilən laqeydlik, əslində, bir millətin öz ruhuna, yaddaşına və gələcəyinə göstərdiyi laqeydlikdir.

Problemin böyüklüyünü və ciddiliyini anladıqdan sonra artıq həlli yollarına yönəlmək zərurəti yaranır. Yuxarıda qeyd olunan kitab məsələsinə yenidən nəzər salsaq, aydın görünür ki, Azərbaycan dilində materialların azlığı bir yana, mövcud materialların tərcümə keyfiyyəti də çox zaman qaneedici səviyyədə deyil. Tərcümə və redaktə işlərindəki nöqsanlar oxucuda məyusluq yaradır və onu kitablardan uzaqlaşdırır.

Tərcümələrdəki keyfiyyət probleminin əsas səbəblərindən biri tərcüməçilərin peşəkarlıq səviyyəsinin aşağı olmasıdırsa, digər bir səbəb Azərbaycan dilindəki müəyyən ifadə və termin çatışmazlıqlarıdır. Acı da olsa, bu reallığı qəbul etməliyik: Azərbaycan dilinə sevgimiz onun mövcud çatışmazlıqlarına göz yummalı olduğumuz anlamına gəlməməlidir.

Bu kontekstdən baxanda Türkiyədə olduğu kimi, bizdə də dil islahatına ehtiyac olduğu aydın görünür. Atatürkün təşəbbüsü ilə 1932-ci ildə yaradılan Türk Dil Qurumunun fəaliyyəti nəticəsində Türkiyədə ərəb, fars və fransız mənşəli sözlərin əvəzində türk köklü yeni sözlər formalaşdırıldı. Bu proses yalnız dilin təmizlənməsi deyil, həm də onu daha işlək və müasir hala gətirmək məqsədi daşıyırdı.

Məsələn, ölçü əvəzinə boyut, inqilab yerinə devrim, metod yerinə yöntəm, xalq yerinə yurddaş, millət yerinə ulus, hörmət yerinə sayqı, müraciət yerinə başvuru, elan əvəzinə duyuru, kitabə üçün isə yazıt kimi orijinal türk sözləri yaradıldı. Bu proses sonrakı illərdə də davam etdi: bilgisayar (kompüter), görsəl (vizual), yazqı (tale/qismət) kimi yeni sözlər gündəlik dilə daxil edildi və artıq müasir türk dilinin təməl daşına çevrildi.

Bu cür söz yaradılması yalnız türklərə xas deyil. Məlumdur ki, Şekspir də dövrünün dil ehtiyaclarını ödəmək məqsədilə latın və yunan köklərindən istifadə edərək, ingilis dilinə xeyli yeni söz qazandırıb. Bu sözlərin bir çoxu bu gün də işləkdir.

Belə nümunələr fonunda sual yaranır: bəs bizdə? Dilçilərimiz, ziyalılarımız, şair və yazıçılarımız niyə yeni sözlər yaratmaq təşəbbüsü göstərmirlər? Axı dil yalnız qorunmalı deyil, həm də inkişaf etdirilməlidir. Yeni dövrün yeni anlayışları üçün ana dilində ifadələr formalaşdırılmalı, bu sözlər lüğətlərə salınmalı, dərsliklərdə, qəzet-jurnallarda, televiziya və radiolarda aktiv şəkildə işlədilməlidir. Yalnız bu yolla bu sözlər zamanla xalqın işlək leksikonuna daxil ola bilər. Əks halda, əcnəbi dillərin təsiri altında qalan dilimiz, təəssüf ki, getdikcə daha da passivləşəcək və süni şəkildə yaşadılan bir dilə çevriləcək.

Ümumişlək söz ehtiyatı ilə yanaşı, elmi-texniki terminlərin azlığı, xüsusilə tibb, mühəndislik, kompüter elmləri və digər ixtisaslaşmış sahələrdə Azərbaycan dilində elmi ədəbiyyatın məhdudluğu, diqqət çəkməli problemdir. Bu çatışmazlıq, ilk baxışdan dil məsələsi kimi görünsə də, əslində ölkədə elmin və texnologiyanın ümumi inkişaf səviyyəsi ilə birbaşa əlaqəlidir. Tədqiqatların sayının az olması, fundamental və tətbiqi elmlər sahəsində fəaliyyətin zəifliyi, elmi məqalə və dərsliklərin məhdudluğu bu boşluğun əsas səbəblərindəndir. Elm sahəsində zəiflik dilin həmin istiqamətlərdə inkişafını da əngəlləyir.

Unutmamalıyıq ki, dilin inkişafı ehtiyacdan doğur və ətraf-mühitlə sıx şəkildə bağlıdır. Məşhur bir dilçilik müşahidəsinə əsasən, ərəb dillərində dəvə, Skandinaviya dillərində isə qar haqqında çoxsaylı ifadələrin olması bu təbiət-dil münasibətini sübut edir. Eynilə, əgər bir cəmiyyətin elmi ehtiyacları zəifdirsə, həmin sahələrdə dilin zənginləşməsi də mümkün deyil.

Əgər biz Azərbaycan dilində elmi-texniki məzmunun artmasını istəyiriksə, elmi fəaliyyətin özü inkişaf etməlidir. Dayanıqlı və məqsədyönlü inkişaf yeni terminlərin, ifadə vasitələrinin, fəlsəfi kateqoriyaların və bilik sistemlərinin dilə daxil olmasına zəmin yaradar.

Müasir dövrdə Azərbaycan dilinin inkişafı məsələsində daha bir önəmli məqam - məzmun istehsalının zəifliyidir. Yaxşı düşünülmüş və sistemli bloq yazıları, açıq dərs resursları, faydalı yutub kanalları, elmi izahlı videolar, söz bazası formalaşdıran veb resurslar... kifayət qədər azdır. Halbuki bu gün bir çox dillərin inkişafı məhz rəqəmsal məzmun vasitəsilə təşəkkül tapır.

Bundan əlavə, elektron resursların hazırlanması sahəsində maliyyə dəstəyi də kifayət qədər deyil. Bu sahədə dövlətlə özəl sektorun əməkdaşlığı zəifdir. Halbuki resursların hazırlanması və yayımı üçün fondların, qrantların, inkişaf proqramlarının və startap təşəbbüslərinin olması çox vacibdir.

Ən müasir problem budur ki, dünya dilləri süni intellekt texnologiyaları vasitəsilə sürətlə inkişaf edir. Avtomatik tərcümə, nitqin mətnə çevrilməsi, səsli oxu, chatbot sistemləri və digər dil texnologiyaları bir çox dillərin sürətlə genişlənməsinə şərait yaradır. Azərbaycan dili isə bu sahədə, təəssüf ki, hələ çox zəif təmsil olunur.

Əgər bu prosesə zamanında qoşulmasaq, bir çox yeni texnologiyada Azərbaycan dilinin ya mövcud olmaması, ya da passiv şəkildə təmsil olunması ilə halı ilə qarşılaşacağıq. Bu da bizi həm informasiya məkanında, həm də qlobal rəqabətdə geridə qoya bilər.

Yuxarıda qeyd olunan, eləcə də dolayı yolla əlaqəli digər problemlərin həlli üçün ilk növbədə müəlliflərin, tədqiqatçıların və müəllimlərin daha fəal mövqe tutmasına ehtiyac var. Onlar orijinal məqalələr, kitablar və elmi-populyar məzmun yaratmaqla həm mövcud boşluqları doldura, həm də gələcək nəsillər üçün sağlam təməl qoya bilərlər.

Eyni zamanda, müxtəlif platformalarda keyfiyyətli və dəyərli paylaşımların artması, ictimai diskussiyaların təşviq olunması çox vacibdir. Bu yolda dövlət və qeyri-dövlət qurumlarının nəşriyyat sektoruna dəstək olması, onlayn mənbələrin yaradılması üçün şərait formalaşdırması, rəqəmsal kontent istehsalçılarına stimul verməsi önəmli rol oynaya bilər.

Digər tərəfdən, gənclərdə yazı və oxu mədəniyyətinin formalaşdırılması, onları məqalə, araşdırma, esse, yaradıcılıq yazıları yazmağa həvəsləndirmək və bu istiqamətdə təhsil müəssisələrində xüsusi proqramların tətbiqi son dərəcə əhəmiyyətlidir.

Bütün bunlarla yanaşı, televiziya və radioda Azərbaycan dilində keyfiyyətli proqramların, maarifləndirici verilişlərin və elmi-populyar serialların sayı artırılmalıdır. Azərbaycan dilində cizgi filmləri, tədris oyunları, interaktiv dərsliklər və mobil tətbiqlər hazırlanmalıdır ki, gənc nəsil ana dilindən fəxrlə, onu onu sevərək istifadə etsin.

Unutmayaq, ana dilinə inam, hörmət və sevgi sıradan duyğular deyil - bunlar bir xalqın öz varlığına, kimliyinə və gələcəyinə olan münasibətinin göstəricisidir. Gəlin, tarixdə öz sözünü demiş, möhkəm milli dayaqlara söykənərək yüksələn bütün böyük xalqların etdiyini biz də edək - dilimizə sahib çıxaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
525.az

1Sources