EN

Qərbi Azərbaycandakı məscidlərimiz- Zəngəzur və İrəvan quberniyası

Tarixi faktlar və təkzibedilməz sənədlər sübut edir ki, Qərbi Azərbaycanda çoxsaylı tarixi abidələrimiz, məscidlərimiz, türbələrimiz olub. Bu abidələrin bir çoxu dağıdılıb yoxa çıxarılsa da əksəriyyətinin binövrəsi, qalıqları, izi, əlamətləri qalmaqdadır. Əgər arxeoloji qazıntılara imkan yaradılsa bütün bu faktlar dolğunluğu ilə bir daha öz təsdiqini tapacaqdır. 1912- ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə  İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artıb. 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.

İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman din alimləri və xadimlərinin güclü mövqeyindən, aktiv fəaliyyətindən xəbər verir. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.

1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilib. 1827-ci ildə ruslar İrəvan qalasını işğal etdikdən sonra Abbas Mirzənin inşa etdirdiyi məscid 2008-ci ildə tamamilə sökülüb dağıdılıb. Məscid 18-ci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilib. Məscid Qacar şahzadəsi və Azərbaycan hakimi Abbas Mirzənin adı ilə adlandırılırdı. Tikilinin fasadı göy və yaşıl kaşılarla bəzədilmiş, mərkəzi hissəsi gözəl gümbəzlə örtülmüşdü. İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra məscid cəbbəxana kimi istifadə edilib. Daha sonra isə bir müddət rus əsgərlərinin sığınacağı olub. Ermənistan SSR qurulduqdan sonra isə məscid tamamilə məhv edilərək dövrümüzə yalnız bir divarının qalığı çatıb. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün Sərdar məscidi adlandırılıb. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı "Abbas Mirzə məscidi" kimi qeyd olunur. Bu və bu kimi çoxsaylı məscidlərimizin acı aqibəti bizi həmişə narahat edir, düşündürür. Şübhəsiz ki, Azərbaycan dövlətinin qüdrəti və Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi tarixi, abidələrimizin də əsirlikdən xilas olması ilə nəticələndi ki, bu da sevindiricidir. Bu qələbədən doğan nəticə etibarı ilə sülh prosesinə gedən yolun üfüqlərində Qərbi Azərbaycanımıza qayıdış ulduzu da parlamaqdadır. Tarixi ata - baba yurdlarımıza qayıdış, mədəni, tarixi abidələrimizə, eyni zamanda məscidlərimizə də qovuşmaq imkanı yaradacaqdır. Bu məscidlər dağıdılsa da, yoxa çıxarılsa da onların varlığını tarix sübut edir.

Tural İrfan, araşdırmaçı - dinşünas

Chosen
2
news365.az

1Sources