EN

Ali məktəblərdə milli ideologiyanın təbliği yetərli səviyyədə deyil Deputat

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müasir dövrdə dövlətlərin dayanıqlığı və inkişafı yalnız iqtisadi və hərbi güclə deyil, həm də güclü milli ideologiya ilə sıx bağlıdır. Xalqın birliyini, vətənə bağlılığını və milli dəyərlərə hörmətini formalaşdıran ideoloji təməllər olmadan cəmiyyətlər uzunmüddətli sabitlik və tərəqqiyə nail ola bilməzlər. Bu baxımdan, cəmiyyətin ruhunu yaşadan və gələcəyini müəyyən edən əsas sütunlardan biri milli ideologiyadır. Bu ideya təkcə keçmişi xatırlatmaq üçün deyil, həm də gələcəyi qurmaq üçün mühüm bir vasitədir. Ona görə də dövlətlərin sabitliyi və davamlı inkişafı üçün ideoloji əsasların güclü olması vacibdir.

Modern.az-a açıqlaamsında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, hər bir dövlətin ayaqda qalması və güclü olması onun milli ideologiyaya nə dərəcədə bağlı olmasından və bu ideologiyanı necə təbliğ etməsindən asılıdır. Onun sözlərinə görə, cəmiyyətlərin və dövlətlərin möhkəmliyində, onların davamlı inkişafında milli ideologiyanın özünəməxsus və əvəzsiz rolu vardır.

“Elə bu səbəbdən əksər ölkələr milli ideologiyanın formalaşdırılması və təbliği istiqamətində ardıcıl addımlar atır, xüsusilə gənclərin bu ruhda tərbiyə olunmasına xüsusi önəm verirlər.

Bu, olduqca vacib və strateji əhəmiyyət daşıyan bir məsələdir. Ali təhsil müəssisələrində sözügedən sahədə müəyyən işlər görülsə də, mən hesab edirəm ki, bu kifayət deyil. Ümumiyyətlə, milli ideologiyanın təbliği və möhkəmləndirilməsinə təhsil sistemimizdə lazımi səviyyədə önəm verilmir. Təəssüflə qeyd etmək lazımdır ki, orta və ali məktəblərdə təhsil prosesi əsasən nəzəri biliklərin ötürülməsi üzərində qurulub. Universitetlər isə öz vəzifəsini sadəcə akademik bilik verməkdən ibarət sayırlar”.

Millət vəkili vurğulayıb ki, hazırda ölkəmizdə gənclərin düşüncə və yanaşmalarında milli ideologiya ilə bağlı ciddi boşluqlar açıq şəkildə hiss olunur:

“Bu isə ali təhsil müəssisələrinin məsələyə kifayət qədər diqqətlə və həssas yanaşmamasının nəticəsidir. Halbuki, güclü milli ideologiya olmadan hər hansı uğurdan danışmaq qeyri-mümkündür. Ətrafdakı bir sıra region ölkələrinin təcrübəsinə baxdıqda, onların inkişafında və güclənməsində milli ideologiyanın və mənəvi dəyərlərin mühüm rol oynadığını görmək mümkündür”.

Deputat qeyd edib ki, buna görə də bizim üzərimizdə böyük bir məsuliyyət dayanır:

“Milli ideologiyanın təbliği və möhkəmləndirilməsi istiqamətində daha ciddi addımlar atmalı və bu sahədə fəaliyyətimizi gücləndirməliyik. Əks halda, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik. Bu, hər birimizin daim diqqətində saxlamalı olduğu vacib bir məsələdir”.

O eyni zamanda onu da diqqətə çatdırıb ki, inqilabların və hakimiyyət dəyişikliklərinin baş verdiyi ölkələrə baxsaq, orada milli ideologiyanın zəif olduğunu görərik:

“Elə buna görə də biz milli ideologiyaya sıradan bir məsələ kimi deyil, strateji əhəmiyyət kəsb edən vacib bir istiqamət kimi yanaşmalıyıq. Gənclər arasında bu ideologiyanın davamlı şəkildə təbliğ olunması və onlara aşılanması təmin edilməlidir. Əgər biz bu məsələyə biganə yanaşsaq, gələcəkdə qarşımızda duran vəzifələri yerinə yetirmək çox çətin olacaq. Odur ki, bu məsələyə xüsusi diqqət, həssaslıq və məsuliyyətlə yanaşmaq vacibdir”,- deyə C.Məmmədov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
modern.az

3Sources