EN

Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

Hafta.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib:

“Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınmış, onların 98-i artıq istehsal fəaliyyətinə başlamışdır. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılmış, burada 11 minə yaxın daimi iş yeri yaradılmışdır”.

Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsində qorunub. İqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 faizə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib.

Chosen
19
25
hafta.az

10Sources