EN

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

15–20 sentyabr 2025-ci il tarixləri dünya iqtisadiyyatında mühüm qərarların və açıqlamaların verildiyi bir dövr oldu. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uzun müddətdən sonra ilk dəfə faiz endiriminə getdi, İngiltərə Mərkəzi Bankı (BoE) isə sərt inflyasiya təzyiqlərinə baxmayaraq mövcud faiz dərəcəsini sabit saxladı. Avrozona və İngiltərədə açıqlanan inflyasiya göstəriciləri isə qiymət artımlarının hələ də mərkəzi bankların hədəflərinin üzərində olduğu gerçəyini ortaya qoydu. Bu qərarların və açıqlamaların dünya maliyyə bazarlarına, valyutalara və qızıla təsirləri investorların diqqət mərkəzində oldu.

Federal Ehtiyat Sistemi: İlk Faiz Endirimi

ABŞ Federal Ehtiyatlar Sistemi 17 sentyabrda keçirilən iclasında faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4.00–4.25% aralığına endirdi. Bu qərar bazar tərəfindən gözlənilsə də, FED sədri Cerom Pauelin açıqlamaları diqqət çəkdi. Pauel “iqtisadiyyatda zəifləmə əlamətləri”ni vurğuladı, lakin, əlavə faiz endirimlərinin yalnız yeni makroiqtisadi göstəricilərə əsasən veriləcəyini bildirdi. 

ABŞ dolları bu qərardan sonra ilkin zəifləmə göstərsə də, sədrin ehtiyatlı tonu səbəbindən sonradan möhkəmləndi.

Səhm bazarları faiz azalmasının kredit xərclərinə təsiri səbəbindən yüksəldi, amma investorlar ehtiyatlılıqlarını qorudular.

Qızıl isə FED-in yumşaq siyasət addımından dəstək alaraq tarixi maksimuma — 3707$ səviyyəsinə qədər yüksəldi.

İngiltərə Mərkəzi Bankı: Faizləri Sabit Saxladı

18 sentyabrda keçirilən iclasda İngiltərə Mərkəzi Bankı əsas faiz dərəcəsini 4% səviyyəsində saxladı. Komitə üzvlərinin əksəriyyəti (7 nəfər) faiz dərəcəsini sabit saxlamağı dəstəklədi, yalnız 2 nəfər azaldılma tərəfdarı oldu.

Uçot faiz dərəcələrinin sabit saxlanılmasının əsas səbəbi isə avqust ayında inflyasiyanın 3.8% səviyyəsində qalaraq hədəf olan 2% göstəricisini xeyli üstələməsi idi.

Nəticədə, İngiltərə funtu zəifləyərək ABŞ dollarına qarşı dəyər itirdi.

Dövlət istiqrazlarının gəlirliliyi artmağa davam etdi ki, bu da, hökumətin borclanma xərclərini yüksəltdi.

Avrozona: İnflyasiya ECB hədəfinin üzərində

Avrozona üzrə açıqlanan məlumatlarda illik manşet inflyasiya 2.1%, baza inflyasiya isə bir qədər daha yüksək oldu. Bu göstəricilər Avropa Mərkəzi Bankının (ECB) hədəfi olan 2%-dən yuxarı qalmaqdadır.

Bu səbəbdən də ECB ehtiyatlı şəkildə mövcud siyasəti qoruyur və proqnozlarda 2025–2027-ci illərdə inflyasiyanın mərhələli şəkildə azalacağı qeyd olunur.

Bütün bu proseslər fonunda ABŞ dolları, FED-in ehtiyatlı tonu ilə qısamüddətli möhkəmləndi. Funt-sterlinq yüksək inflyasiya səbəbindən zəifləməyə davam etdi.Avro isə sabit qaldı, lakin inflyasiya riskləri valyutaya təzyiq göstərməkdədir.

FED-in faiz endirimi qızılın tarixi rekordunu təzələməsinə səbəb oldu. Lakin dolların güclənməsi fonunda sonrakı günlərdə müəyyən geriləmə müşahidə edildi.

ABŞ və Avropa birjalarında optimizm güclənsə də, inflyasiyanın “yapışqan” qalması investorların ehtiyatlı davranmasına səbəb oldu.

Neft qiymətləri FED-in faiz qərarından sonra artmaq əvəzinə zəif tələbat və “OPEC” siyasətləri səbəbindən sabit qaldı.

15–20 sentyabr 2025-ci il tarixləri qlobal iqtisadiyyat üçün dönüş nöqtəsi oldu. Fed-in faiz azaldılması, pandemiya sonrası uzunmüddətli sərt pul siyasətindən çıxışın başlanğıcı kimi qiymətləndirilsə də, ehtiyatlı ritorika gələcək addımların yavaş olacağını göstərir. İngiltərə və Avrozona üçün isə yüksək inflyasiya hələ də əsas risk olaraq qalır.

Qlobal bazarlar üçün mesaj aydındır: Pul siyasəti yumşalmağa başlasa da, inflyasiyanın tam nəzarətə alınmaması səbəbindən investorlar ehtiyatlı qalmağa məcburdurlar. Bu vəziyyət qısa müddətdə valyutalarda dalğalanma, qızılda yüksəliş, səhm bazarlarında isə qarışıq siqnallara səbəb ola bilər.

Bu həftə Amerikada dərc olunacaq ÜDM, Mənzil bazarında satışlar və Şəxsi Xərclər İndeksi Hesabatları birjalara yön verəcək əsas xəbərlər ola bilərlər. 

Bundan başqa Avrozonada, Almaniyada, İngiltərədə, eləcə də ABŞ-da açıqlanacaq sənaye, xidmət sektorlarında və kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

Bu həftə ərzində ABŞ Federal Ehtiyyatlar Sisteminin sədri Cerom Pauelin, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları da gözlənilir. Bazarlar baş bankirlərin çıxışlarında qlobal valyuta bazarlarına yön verən bu 3 böyük valyutanın gələcək tendensiyalarına dair ipucları arayacaqlar.

Bu həftə həmçinin İsveçrə Milli Bankının (SNB) faiz qərarı, Kanadada ÜDM hesabatı, Almaniyada “İfo” Biznes Mühiti İndeksi, Amerikada yeni və təkrar mənzil bazarlarında satışlara dair göstəricilər investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.19200 səviyyəsinə qədər yüksəlsə də çərşənbə günü FED-in faiz qərarından sonra ucuzlaşmağa başladı və həftəni 1.17430 səviyyəsində tamamladı.

Yeni həftəyə də enişlə başlayan məzənnədə “ayılar” qiyməti 1.17000 həddinin altına salıb və burada saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 

Cari həftə Avrozonada və Almaniyada açıqlanacaq sənaye, xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, eləcə də cümə günü AMB sədri Kristin Laqardın gözlənilən çıxışı avronun qiymətlərinə yün verə bilər.

GBP

Sentyabrın 3-cü həftəsində 1.37250 həddinə kimi bahalaşan GBPUSD məzənnəsi də FED-in faiz qərarı sonrasında kəskin ucuzlaşdı və ötən həftəni 1.34690 səviyyəsində tamamladı. 

Bu həftə isə İngiltərədə dərc olunacaq sənaye, xidmət və kompoziy PMİ rəqəmləri, eləcə də mərkəzi bankın sədri Endryu Beylinin çıxışı funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.

XAU/USD

Ötən həftənin çərşənbə günü 3707$-a qədər yüksələn qızıl tarixi maksimum həddini yenilədi. FED sədri Cerom Pauelin ehtiyyatlı açıqlamaları nəticəsində dolların güclənməsi fonunda sonrakı günlərdə müəyyən geriləmə müşahidə edildi. Lakin, qiymətli metal həftəni 3685$ səviyyəsində tamamladı. Hazırda 3693$ səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3700$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakter ala bilər.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
marja.az

4Sources