EN

Baş prokuror: Konstitusiya hər bir dövlətin təməl sütununu təşkil edir  

1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də referendumla demək olar ki, bütün Azərbaycan xalqının səs çoxluğu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız bu gün də dövlətçiliyimizin əsas dayağıdır. Şübhəsizdir ki, Konstitusiya əsas qanun olmaqla hər bir dövlətin təməl sütununu təşkil edir. Bizim hazırda 30 illiyini qeyd etdiyimiz bu Konstitusiya da suverenliyimizin və ərazi bütövlüyümüzün qorunmasının, hüquqi və dünyəvi dövlətin möhkəmləndirilməsinin, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsinin, beynəlxalq müstəvidə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının möhkəm hüquqi əsasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

Kamran Əliyev qeyd edib ki, Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir: "Xüsusi qeyd etməliyəm ki, Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olub, iqtisadiyyata, ətraf mühitə, tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulub. Bu faktlar istintaqı aparılmış və hazırda məhkəmə baxışında olan erməniəsilli şəxslərin təqsirləndirilməsinə dair cinayət işində də görünür. Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə, eləcə də müharibədən sonra əzəli Azərbaycan torpağı olan Qarabağda fəaliyyət göstərən separatçı rejimə qarşı 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatları nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib və Azərbaycan dövlətinin suverenliyi tam bərpa olunmaqla Konstitusiyamızın qüvvəsi bütün ölkə ərazisinə şamil edilib. Bunun tarixi əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü ilin 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunmaqdadır".

Baş prokuror xatırladıb ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, ağıllı kəndlər və şəhərlər salınıb, yeni iş yerləri, istehsalat, habelə təhsil müəssisələri, o cümlədən Xankəndi şəhərində Qarabağ Universiteti təsis edilib: "Bu proses intensiv şəkildə davam etdirilməkdədir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində ümumilikdə 15 min nəfərdən çox keçmiş məcburi köçkün doğma torpaqlarına geri qayıdıb. Qeyd edilən quruculuq və bərpa işləri heç bir xarici dövlətin və ya təşkilatın dəstəyi olmadan qüdrətli Azərbaycan dövlətinin hesabına həyata keçirilir. Təbii ki, dövlətimizin başçısı tərəfindən aparılan siyasət, habelə ölkədə insan kapitalının düzgün idarəedilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir, neft ölkəsi olmasına baxmayaraq, qeyri-neft sənayesinin əhəmiyyətli inkişafı təmin edilir ki, təbii olaraq bunun nəticəsində də cəmiyyətimiz inkişaf edir".

5Sources