EN

Fəzail Ağamalı: Ermənistanın taleyi Azərbaycanla sülh sazişinin bağlanmasından asılıdır - MÜSAHİBƏ

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Bakıvaxtı.az-a müsahibə verib.

Onunla söhbəti təqdim edirik.

Ermənistanın başqa çıxışı yoxdur, sülh sazişini bağlamağa məhkumdur

- Vaşinqtonda Azərbaycanla Ermənistan arasında ilkin razılaşmaya dair sənəd paraflandı. Bu razılaşmadan sonra Ermənistan tərəfi yenə “nala-mıxa vurmağa” başlayıb. Sizcə, yekun sülhə nə və hansı ölkə  mane olur?

- 8 avqust 2025-cil tarixində ABŞ-nin prezidenti Donald Trampın şahidliyi, fəal iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında sülh sazişi paraflandı. Digər sənədlərə də imza atıldı. Bu, Ermənistanın təsəvvürünə gətirə bilmədiyi səviyyədə görüş oldu. Əlbəttə, məlum görüş Azərbaycan prezidenti İlham Əliyevin amerikalı dostlarımızla uzun müddət aparmış olduğu diplomatik müzakirədən sonra baş verdi.

Ermənistan sülh sazişini bağlamağa məhkumdur. Onun başqa çıxışı yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyan səviyyəsində dərk olunur ki, bu dövlətin taleyi Azərbaycanla sülh sazişinin bağlanmasından və Türkiyə ilə münasibətlərin yaxşılaşmasından asılıdır. Bunlar baş tutmayacağı halda, alternativi müharibədir. Müharibə isə Ermənistan dövlətinin məhvi deməkdir. Ona görə də Paşinyan Qərb, Vaşinqton, Rusiya və İranla müxtəlif manevrlər edir, onların arasında çırpınır. Onları inandırmağa çalışır ki, onun addımları Avropa, Amerika və digər qonşu ölkələrin dövlət maraqlarına zidd deyil. Buna rəğmən Rusiya və İran Paşinyana inanmır. Bu inam yoxdur. Bütün hallarda sülh sazişinin bağlanması perspektivinə müsbət yanaşıram.

- Bəs saziş nə zaman imzlana bilər?

- Çox ehtimal ki, saziş Ermənistanda keçiriləcək parlament seçkiləri ilə ya eyni vaxta, ya da sonraya təsadüf edəcək. Paşinyan yenidən öz partiyası ilə parlamentdə çoxluq qazanıb, baş nazir vəzifəsində qalarsa, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi sürətlənəcək. Başqa variant isə kifayət qədər suallar doğurur.

- Kilsə-Paşinyan ziddiyyətini əsas tutaraq, iddia edirlər ki, Ermənistanda Rusiyanın arzuladığı şəxs hakimiyyətə gətirilə bilər. Sizcə bu, reallaşa biləırmi, gerçəkləşərsə, Ermənistanın Azərbaycana münasibətində dəyişiklik olarmı?

- Rusiyanın arzu etdiyi insanın Ermənistanda hakimiyyətə gəlməsi həm Ermənistan-Azərbaycan münasibətlərini, həm də regionda vəziyyəti kökündən dəyişə bilən hadisə olar. Ümid edək Paşinyan və komandası parlament seçkilərində üstünlük qazanacaq. Bu üstünlük Nikol Paşinyanın hakimiyyətdə qalmasına və Azərbaycanın dövlət maraqlarına uyğundur. Uzun illərdir, Paşinyanla danışıqlar aparılır. O, Azərbaycan diplomatiyasının və hərbi gücünün imkanlarını yaxşı dərk edir, tarixi məsuliyyəti anlayır. Ona görə də baş nazir sülh sazişi bağlamaqdan imtina etməyəcək. 

Qocalmış imperiya çökməyə doğru gedir

- Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik davam edir. Rusiyanın kin-küdurəti niyə dayanmır və bu gərginlik hansı həddə qədər davam edə bilər?

- Azərbaycan-Rusiya gərginliyini yaradan birbaşa Rusiyadır. Rusiya Azərbaycanın regionda, təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Qafqazda və MDB məkanında oynadığı dominant rolunu dərk edir. Azərbaycanın Rusiya ilə bərabər hüquqlu münasibətlərə üstünlük verməsi, bu işdə qətiyyətli olması Rusiyanın MDB məkanındakı mövqelərini zəiflədir. Rusiyanın Azərbaycan tərəfindən MDB məkanında sıxışdırılması, müstəqil xarici siyasət yürütməsi və Zəngəzur dəhlizini Rusiyanın əlindən qopararaq, birbaşa Vaşinqtona istiqamətləndirməsi, bununla bağlı prinsipial razılığın əldə olunması, bunun sənədlərdə əks edilməsi Kremli xeyli qəzəbləndirib. Rusiyanın Zəngəzurdan və bütövlükdə Cənubi Qafqazdan getməsi Azərbaycanın da maraqlarına uyğundur. Çünki Rusiya Qafqazda qaldıqca Azərbaycana qarşı təzyiq və təhdidlərini ən müxtəlif formada həyata keçirəcək. Ona görə də Azərbaycan liderinin uzaqgörən siyasəti və bu siyasətin konkret nəticələr verməsi Rusiyanı qəzəbləndirir və o, Azərbaycanı bağışlamaq niyyətində deyil.

- Rusiyanın Azərbaycanla bağlı hədəfi, niyyəti nədir?

- Rusiya cildini dəyişsə də, imperiya olaraq qalır. İndiki Rusiya Çar Rusiyası və Sovet Rusiyasının varisidir. Onun törəməsidir. Bu qocalmış imperiya çökməyə doğru gedir. Azərbaycan gənc dövlətdir, güc yığa-yığa parlaq bir mövqeyə çıxmaqdadır. Yəni tarixi proseslər baxımından Rusiya imperiyası çökən və gedən, Azərbaycan isə gənc dövlət kimi güclənməkdə olan dövlət səviyyəsindədir. Bu baxımdan Rusiyanın hər hansı bir təhdidi heç bir nəticə verməyəcək. Azərbaycan tutduğu yolla, müstəqil dövlət kimi uğurlarını davam etdirəcək. 

10 noyabr bəyanatı tarixin qaranlıq səhifələrinə göndərildi

- Zəngəzur dəhlizi açılacağı təqdirdə orada təhlükəsizliyə nəzarəti kim edəcək? Rusiya tərəfi 10 noyabr bəyanatını önə çəkərək, iddia edir ki, nəzarəti onlar həyata keçirəcək, amma Amerika bu işi öz şirkətlərinin gerçəkləşdirəcəyini bildirir. Sizcə, bu məsələdə ortaq məxrəcə gəlmək mümkün olacaqmı?

- Zəngəzur dəhlizinin təhlükəsizlik məsələsi hələ də mübahisəlidir. Əsas 8 avqustda əldə olunan razılıqdır ki, buna “Tramp yolu” deyilir. ABŞ-nin şirkəti Zəngəzur dəhlizinin yaranması və fəaliyyətində əsas rol oynaycaqsa, deməli, onun təhlükəsizliyi də Amerikanın üzərinə düşəcəck. Ola bilsin ki, burada Ermənistan, Türkiyə və Azərbaycan da müəyyən yer aldılar. Lakin bəri başdan bu barədə konkret fikir söyləmək çətindir. Hər halda Zəngəzur dəhlizi açılacağı halda Rusiyanın təhlükəsizlik adı altında fəaliyyəti olmayacaq. Bu da ən böyük uğur kimi qəbul edilməldiir.

- Belə çıxır, 10 noyabr bəyanatı qüvvədən düşüb?

- 10 noyabr bəyanatını Azərbaycanın qəhrəman silahlı qüvvələri və müzəffər Ali Baş Komandanı tarixin qaranlıq səhifələrinə göndərdi. Artıq 10 noyabr razılaşması özünün hüquqi qiymətini itirib. Düşünürəm ki, Ermənistanla Azərbaycan Rusiyanın dominantlığı və təhlükəsizliyə nəzarət funksiasını yerinə yetirməsinə imkan verməyəcək.

Rusiya Ukrayanadan “əli güclü” çıxmayacaq

- Rusiya Ukrayna cəbhəsindən "əli güclü" cıxarsa, növbəti hədəfi hansı ölkə ola bilər?

- Rusiya Ukrayanadan “əli güclü” çıxmayacaq. Rusiya Ukrayanada biabırçı bir duruma düşməkdədir.  Bu, Rusiya dövlətinin çökməsi və parçalanasına, orada ciddi kataklizmlərin yaranmasına ciddi təsir göstərəcək. Rusiyanın Ukraynada qələbə qazanması tam istisna olunur.

- İran və Gürcüstan da "Tamp yolu"na (Zəngəzur dəhlizi) qısqanc yanaşdı. Görünür, onlar da bu prosesə qarşıdırlar...

- Bu, təbiidir. Çünki faktiki olaraq, Hindistan və İranın Ermənistan vasitəsilə Aralıq dənizinə çıxmaq layihəsi basdırıldı. Eyni zamanda Zəngəzur dəhlizi İranın əvvəlkitək Ermənistanla birbaşa əlaqələrinə ciddi maneələr yaradacaq, İran əvvəlki imkanlarını itirəcək. Burada Gürcüstan da müəyyən itkilərə məruz qalır. Hazırda Orta Dəhlizin tərkib hissəsi kimi yol: Bakı-Tblisi-Qars dərmir yolu ilə Gürcüstandan keçir. Gürcüstan onun fərqindədir ki, Zəngəzur dəhlizinin açılması ona nisbətən daha əlverişli bir yol kimi, Şərqlə Qərbin arasında iqtisadi münasibətlərin genişlənməsində daha ciddi rol oynayacaq. Çünki burada dəhlizin vermiş olduğu üstünlük, xüsusi ilə vaxt baxımından qısadır. Zəngəzur dəhlizinin açılması Bakı-Tblisi -Qars dəmir yolunun yükdaşımalarına mənfi təsir göstərəcək. Gürsctanın da qısqanclığı buradan doğur.

Aydın Baxış

Chosen
18
1
bakivaxti.az

2Sources