EN

Formula 1 yarışı ilə bağlı hamını düşündürən sualın cavabı Vacib məqamlar

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Sentyabrın 19-dan 21-nə kimi davam edən “Formula 1” üzrə Azərbaycan Qran-prisi bitsə də, səs-sədası hələ də davam edir. Hər dəfə böyük maraqla qarşılanan yarış bu il də bütün diqqətləri Bakıya cəmləməyi bacardı. Lakin bu istiqamətdə fikirlərin birmənalı olmadığını da demək lazımdır. “Formula 1”in ölkəmizdə keçirilməsi bəzi vətəndaşlar üçün narahatlıq mənbəyinə çevrilir. Hazırda yarışın Azərbaycana real olaraq nə qazandırdığı geniş müzakirə mövzusudur.

“Formula 1” ölkəmizə nə qazandırır, nələr alır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, “Formula 1” kimi böyük yarışlar birbaşa gəlir gətirməyən tədbirlər hesab olunur:

“Ölkəyə təxminən 20 minə yaxın turistin gəldiyi açıqlanıb. Lakin onların xərclədiyi vəsait və yarışların qısa müddətdə keçirilməsi birbaşa böyük gəlir təmin etmir. Belə yarışlar əsasən ölkənin tanınması üçün əhəmiyyətlidir. Turizm marşrutlarının çeşidli olması, turist sayının artması baxımından vacib rol oynayır. “Formula 1” idman yarışları arasında populyarlığına görə ilk beşlikdədir, dünya üzrə il boyu təxminən 500 milyon insan izləyir. Yəni yarışın geniş auditoriyası var. Buna baxmayaraq, “Formula 1” vasitəsilə daha çox turist cəlb etmək üçün əlavə tədbirlər görülməlidir”.

Natiq Cəfərli

İqtisadçı Azərbaycanda quru sərhədlərin beş ildən çoxdur ki, bağlı olduğuna diqqət çəkib:

“Bu, turizmə ciddi zərbə vurur. Məsələn, 2019-cu ildə quru sərhədlər açıq olduğu zaman gələn turistləri sayı ilə ötən ilkilər arasında iki dəfə fərq var. Buna görə də “Formula 1″in düzgün və effektiv istifadəsi, təqdimatının yaxşı təşkil olunması mühümdür. Yarış birbaşa, qısa müddətdə böyük pul qazandırmasa da, onun yaratdığı dalğanın Azərbaycana uzunmüddətli gəlir gətirməsi mümkündür. Bunun üçün ciddi işlər görülməli, yeni turizm potensialları və marşrutları hazırlanmalıdır. Ölkə daha cəlbedici edilməli, quru sərhədləri açılmalı və digər müvafiq addımlar atılmalıdır”.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti də uzadılıb. Yeni anlaşmaya əsasən, ölkəmizdəki yarış 2030-cu ilədək davam edəcək.

Xatırladaq ki, Bakıda “Formula 1” yarışları 2016-cı ildən təşkil edilir.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
globalinfo.az

1Sources