Səfərin ilk günü biz İstanbulun qəlbinə – tarixin canlı şahidlərinə doğru yola çıxdıq. Bizi müşayiət edən Şəfayət bəy yalnız bələdçi deyildi, sanki şəhərin ruhunu içinə çəkib bizimlə bölüşən canlı tarix kitabı idi. Onun danışdığı hər cümlə daşların yaddaşını oyadır, hər baxışımızı başqa bir əsrə aparırdı.
Sultanəhməd: göyün rəngi divarlarda
Sultanəhməd meydanına çıxanda qarşıdakı mənzərə insanı sözün əsl mənasında susdurur. Göyə ucalan minarələr, nəhəng günbəzin əzəməti qarşısında yalnız düşüncələr danışır. Şəfayət bəyin səsi bu səssizliyi pozur:
– Bu məscidi Sultan I Əhməd tikdirib. İçəridəki on minlərlə mavi İznik çinisi ona “Mavi Məscid” adını qazandırıb.
Həyətdə addımladıqca elə bil əsrlərin sükutunu eşidirsən. İçəri girəndə isə mavi naxışlı divarlar göyün rəngini sanki torpağa endirmişdi. O an dua edən insanlarla turistlərin fotoaparat sədaları bir-birinə qarışmışdı – keçmişlə bu günün görüşü kimi.
Zamanın dayandığı məkan
Ayasofiyanın önündə uzun insan sırası var. Hər kəs bu qədim keçmişin görüntülərinə şahid olmaq istəyir. Nəhəng divarların içində əsrlər boyu saysız-hesabsız insan dua etmiş, fəthlərin və qələbələrin sədası ucalmışdı. Şəfayət bəy yumşaq səslə danışır:
– 1500 il əvvəl Bizans imperatoru Yustinian tikdirdi buranı. Dünyanın ən böyük kilsəsi idi. Sonra Fateh Sultan Mehmet fəthdən sonra məscidə çevirdi. İndi isə həm kilsə, həm məscid, həm də bir tarix məbədi kimi yaşayır.
İçəri girəndə möhtəşəm günbəz üzərimə çökdü sanki. Qızılı mozaikalarla işlənmiş xristian təsvirləri və ərəb xətti ilə yazılmış ayələr yan-yana parlayırdı. Bu divarlarda minilliklərin söhbəti vardı.
Yerəbatan: suyun altındakı sükut
Şəfayət bəy bizi Yerəbatan Sarinca aparanda dedi:
– Hazır olun, indi sizi sirlərlə dolu saraya endirirəm.
Taxta pillələrdən enəndə rütubətli hava üzümüzə vurdu. Onlarla nəhəng sütun suyun içindən göyə doğru qalxırdı. Sanki başqa bir dünyaya düşmüşdük. Lampaların işığı suyun üzərində qırılıb qəribə kölgələr yaradırdı. Bir küncdə Meduza başları gözlərini bizdən gizlədirmiş kimi idi. Bu sükutun içində yalnız su damcılarının səsi eşidilirdi – əsrlərin nəfəsi kimi.
Bazar melodiyası
Kapalıçarşıya girəndə isə tamam başqa bir aləmə düşdük. Dar küçələr, rəngli dükanlar, satıcıların gurultulu səsi – hamısı bir-birinə qarışmışdı. Qızıl-zinət əşyalarının parıltısı göz qamaşdırır, ədviyyatların qoxusu burnumuza dolurdu. “Bura sadəcə bazar deyil. Bu, əsrlərin ticarət ürəyidir. Burada dünyanın hər yerindən tacirlər alış-veriş ediblər” – bələdçimiz deyir.
Dükanların arasında dolaşarkən hiss etdim ki, Kapalıçarşı hələ də əvvəlki kimi yaşayır – alıcı ilə satıcının gülüşündə, köhnə xalçaların naxışlarında, mis qabların parıltısında.
Misirdən gətirilən daş
Sultanəhməd meydanında addımlayarkən gözümüzə ucalığı ilə seçilən qədim bir sütun dəydi – Dikilitaş. Şəfayət bəy əlini ona doğru uzadıb dedi:
– Bu obelisk əslində Misirdən gətirilib. Düz 3500 il yaşı var. Firon III Tutmosun dövründə ucaldılıb və sonradan IV əsrdə Bizans imperatoru Feodosiy tərəfindən İstanbula gətirilib.
Yaxınlaşıb daşın üzərindəki yazılara baxanda sanki qədim dünyanın nəfəsini hiss edirdim. İnanılmazdır ki, Nil çayının sahillərində yonulan bu daş əsrləri aşaraq indi İstanbulun ürəyində dayanıb. Obeliskin ətrafında gəzən turistlər şəkil çəkdirir, amma o, sükutla əsrlərin şahidi kimi dayanırdı.
Şəfayət bəyin sözləri isə beynimdə təkrar-təkrar səslənirdi:
– Bu daş görüb ki, imperiyalar doğulur, çökür, amma tarix susmur. Tarix öz izini bu cür daşlarda qoruyur.
Addımlarımız yavaşlayıb, yorulmuşuq. Bu günlük səyahət bitir. Sabah bizi başqa bir maraqlı gəzinti gözləyirdi.
Teknofest 2025 – göylərin və texnologiyanın festivalı
İstanbulun tarixi nəfəsindən sonra ikinci gün bizi başqa bir dünyaya – gələcəyin səsini duyduğumuz Teknofest 2025-ə apardı.
Festival Atatürk Hava Limanında keçirilirdi. Hələ uzaqdan göyə qalxan təyyarələrin səsi, pilotsuz uçuş aparatlarının səmada çəkdiyi xətlər insana həyəcan verirdi. Hər pavilyon, hər sərgi sahəsi sanki gələcəyin sirlərini fısıldayırdı.
Teknofest yalnız Türkiyə üçün deyil, bütün dünya üçün böyük bir tədbirdir. Bu il festivala Azərbaycan, Qazaxıstan, Özbəkistan, ABŞ, Almaniya, Fransa, Cənubi Koreya, Çin və digər ölkələrdən iştirakçılar qatılmışdı. Minlərlə gənc, tələbə, mühəndis və texnoloji startap nümayəndəsi burada öz layihələrini təqdim edir, gələcəyin texnologiyalarını canlı nümayiş etdirirdi.
Hər pavilyona yaxınlaşanda elə bil ki, göylər və texnologiya birləşirdi. Aviasiya, kosmik tədqiqat, robototexnika, süni intellekt və startap layihələri…
Hər bir stend tamaşaçını cəlb edir, insanı həm heyrətləndirir, həm də düşünməyə vadar edirdi.
Azərbaycan pavilyonuna çatanda ürəyim bir az da sürətlə döyündü. Burada gənclərimizin hazırladığı pilotsuz uçuş aparatları, robot texnologiyaları və süni intellekt layihələri nümayiş etdirilirdi. Ziyarətçilər maraqla suallar verirdi, gənclərimiz isə qürurla layihələrini təqdim edir, ölkəmizin texnoloji potensialını göstərirdilər.
Teknofestdə həmçinin aviasiya nümayişləri xüsusi maraq doğururdu. Türk pilotlarının göydə yaratdığı mürəkkəb fiqurlar tamaşaçıların alqışları ilə müşayiət olunurdu. Hər ucalan təyyarə, hər süzülən dron sanki gələcəyin qapılarını aralayırdı.
Azərbaycandan fərqli beyinlər
Qazaxıstan və Özbəkistan pavilyonları da maraqlı idi. Onlar kosmik tədqiqatlar və robototexnika sahəsindəki layihələrini təqdim edirdilər. Avropadan gələn iştirakçılar isə süni intellekt və startap innovasiyaları ilə fərqlənirdilər. Bu, festivalın beynəlxalq əhəmiyyətini bir daha göstərirdi – yalnız Türkiyə yox, bütün dünya burada gələcəyin texnologiyalarını paylaşırdı.
Jurnalist kimi mənim üçün isə ən maraqlı an gənclərin öz layihələrinə olan həvəsi və qüruru idi. Hər bir dron uçduqda, hər robot sınaqdan keçəndə pavilyon alqışlarla coşurdu. Azərbaycan nümayəndələrinin təqdimatı zamanı hətta xarici iştirakçılar da maraqla yaxınlaşıb suallar verirdilər. Bu an mənə bir daha göstərdi ki, ölkəmizin texnologiya sahəsindəki səyləri artıq beynəlxalq səviyyədə diqqət çəkir.
Göydəki rəqs
Aviasiya nümayişləri isə festivalın ən görkəmli məqamlarından biri idi. Türk pilotları göydə mürəkkəb fiqurlar çəkərək tamaşaçıları heyrətləndirdi. Hər dəfə təyyarələr süzüləndə və dronlar səmada rəqs edəndə, pavilyonda olan gənclərin heyrəti və coşqusu həm vizual, həm də emosional olaraq hiss olunurdu.
Beləcə, Teknofest 2025 həm Azərbaycanın, həm də digər ölkələrin gənc texnoloqlarını bir araya gətirən, gələcəyin ideyalarını paylaşdıqları unudulmaz bir səhnəyə çevrildi.
Keçmişin və gələcəyin görüş yeri
Bu səfər bizə bir həqiqəti göstərdi: İstanbul yalnız tarix şəhəri deyil, həm də gələcəyin qapısıdır.
Bir tərəfdə Sultanəhmədin minarələri, Ayasofiyanın günbəzi, Dikilitaş, Kapalıçarşı… Digər tərəfdə Teknofestdə göylərə qalxan təyyarələr, yeni texnologiyalar, gənclərin yaradıcılığı.
Biz jurnalistlər bu tarixin və gələcəyin şahidi olduq. İstanbul həm keçmişi qoruyur, həm də gələcəyi qurur.
Elnur Məmmədli