“İctimai nəqliyyatda dayanıqlı maliyyələşdirmə mexanizmini yaratmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək”.
Bunu Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanından irəli gələn məsələlərə həsr olunan brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
Moderator.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Avropada avtobuslar “brutto müqavilə” sistemi ilə işləyir:
“‘"Brutto müqavilə" sistemi ictimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədi daşıyır. Azərbaycanda da bu sistem artıq tətbiq olunacaq. Yeni yaradılan İctimai Nəqliyyat Fondu daşıyıcılara subsidiya və maliyyə dəstəyi göstərəcək. Bunun müqabilində daşıyıcılar sərnişinləri təhlükəsiz və keyfiyyətli şəkildə daşımalıdır.
Məsələn, əvvəl daşıyıcılar bəzi marşrutlarda işləmək istəmirdilər, çünki sərnişin sayı az idi və rentabelli deyildi. Lakin bundan sonra həmin marşrutlarda da dövlətin verdiyi subsidiyalar sayəsində özəl daşıyıcıların marağı olacaq ki, orada işləsinlər. Eyni zamanda, əvvəllər bəzi daşıyıcılar saat 9:30-dan sonra avtobusları işə çıxarmırdılarsa, indi dövlətin maliyyə dəstəyi müqabilində avtobuslar saat 12-yə qədər işləyəcək.
Həmçinin daşıyıcıların avtobusları ekoloji cəhətdən təmiz, yeni, təhlükəsiz və keyfiyyətli olmalıdır. Köhnə avtobuslarla işləyən və müasir tələblərə cavab verməyən daşıyıcılara isə subsidiyalar verilməyəcək”.
Qeyd edək ki, model çərçivəsində gediş haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən ayrılan vəsait hesabına qarşılanacaq.
Mehin Mehmanqızı